Cəmiyyət
19 avqust 2020
365
Bakıda kafe və restoranlarda yoxlamalar aparılır — FOTO
Nazirlər Kabinetini yanında Operativ Qərargahın qərarına əsasən avqustun 18-dən etibarən Bakı şəhəri də daxil olmaqla 7 şəhər və 6 rayonda ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.
Qərara uyğun olaraq, müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu obyektlərin qeyd edilən qərara uyğun şəkildə fəaliyyətinin yoxlanılması məqsədi ilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları tərəfindən birgə reydlərə başlanılıb.
Reydlər zamanı koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin müəssisələrdə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməsi məsələləri araşdırılıb, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.
Reydlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, qaydalara düzgün riayət edilməsi müəyyən edilmişdir. Aşkar edilən nöqsanlar yerində aradan qaldırılıb və mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.
Paytaxtda ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.