Gündəm, Kriminal
03 aprel 2026
4
27 vəzifəli barəsində intizam tədbiri görüldü

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX ) qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin birinci rübü ərzində 27 əməkdaşı (onlardan 17-si rəhbər heyətdir) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə SHXÇDX məlumat yayıb.
Bildirilib ki, o cümlədən 1 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 16 fakt üzrə 34 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
Prezidentin 6 sentyabr 2023-cü il tarixli Fərmanının icrası çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı 4 yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 1 iyul 2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir göstərməkdədir.
Mövcud qanunvericiliyə əsasən vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özləri barədə məlumatlarla tanış olması, onları əldə etməsi və dəyişdirilməsi üçün müraciət etməsi, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat alması, müraciətləri elektron formada göndərməsi, xidmətlərdən istifadə etməsi və ödənişləri həyata keçirməsi üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifəsinin (elektron kabinet) yaradılması nəzərdə tutulub.
Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmətkeçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat” haqqında arayışlar “MyGov” mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunur.
15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasın minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.
Bundan əlavə cari ildən etibarən ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunmasını nəzərə alaraq ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi “MyGov” platforması üzərindən elektron kabinetlərin yaradılmasını zəruri edir.
Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə “9100 Çağrı Mərkəzi”nə və ya info@seferberlik.gov.az elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.
Daha çox xəbər:

Hərbi xidmətdən boyun qaçıranlara qarşı - Qaydalar sərtləşdirilir
Gündəm, Ölkə
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb
Cəmiyyət
Səfərbərlik Xidmətindən daha bir müraciət
Cəmiyyət
Əsgərliyə yolasalma başladı
Gündəm, Cəmiyyət.jpg)
Prezident hərbi xidmətə çağırış haqqında sərəncam imzaladı
Cəmiyyət