Dünya
20 oktyabr 2020
317

Malayziya qəzeti: “Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanıdır”

Malayziya qəzeti: “Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanıdır”


Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda çox nüfuzlu nəşrlərdən biri olan “New Straits Times” qəzeti oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə qarşı törətdiyi ballistik raket hücumu ilə əlaqədar məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanıdır” adlı məqalədə Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin həmin gün verdiyi bəyanatından bəhs olunub.

Məqalədə, həmçinin cari il sentyabrın 27-dən başlayaraq Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə məlumat verilib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri qısa müddət ərzində Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli raket hücumu edib. Bu hücum nəticəsində 13 nəfər həyatını itirib, 40-dan çox insan ciddi yaralanıb.


Bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququn, eləcə də elan olunmuş humanitar atəşkəsin tələblərini kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu cinayətə görə tam məsuliyyət daşıdığı vurğulanıb.

Məqalənin sonunda qeyd edilib:

“Terroru dövlət siyasətinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiyinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin olunacaq”.