Dünya
18 noyabr 2020
330
Ərdoğan Pompeonu niyə qəbul etmədi?
Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 16-da Türkiyəyə səfər edən ABŞ dövlət katibi Mayk Pompeonu qəbul etməməsi müzakirələrə səbəb olub.
Mövzu Türkiyə KİV-də geniş işıqlandırılıb və ölkə başçısının hansı səbəbdən belə addım atdığı sualı üzərində düşünülüb.
“Hürriyət” qəzeti yazır ki, Pompeo Türkiyə səfərindən əvvəl Fransada olub. Amerikalı diplomatın Prezident Emmanuel Makronla kameralardan uzaq görüşü baş tutub.
Pompeo görüşdən sonra fransız “Le Figaro” qəzetinə açıqlamasında Türkiyə barədə ittihamlar irəli sürüb. O, Makronla həmfikir olduğunu, Türkiyənin son zamanlar aqressiv addım atdığını vurğulayıb, Şərqi Aralıq, Suriya, Liviya və Dağlıq Qarabağdakı məsələlərə toxunub.
“Türk hərbi gücündən istifadənin artması bizi narahat edir. Avropa və ABŞ Prezident Ərdoğanı bu cür hərəkətlərin xalqının mənafeyinə uyğun olmadığına inandırmaq üçün birlikdə çalışmalıdırlar”, - deyə Pompeo bildirib.
Pompeonun bu çıxışından sonra Ərdoğan və Türkiyə rəsmilərinin onunla görüşmədikləri ehtimal edilir.
Xatırladaq ki, ötən gün ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndəsi “RİA Novosti”yə açıqlamasında Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 16-da Türkiyəyə səfər edən ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşmək üçün vaxt tapa bilmədiyini bildirmişdi: “Prezident Ərdoğanın cədvəli dəyişdiyindən və Dövlət Katibinin səfəri əsasında qoyduğumuz parametrlərə cavab verə bilmədiyindən görüş baş tutmayıb”.