Gündəm, Siyasət, Video
30 iyul 2020
331
Prezident “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub - Fotolar + Video + Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
***
İlham Əliyev 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib. Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamına əsasən tikilən Balakən Uşaq İncəsənət Məktəbi üçmərtəbəli binadan ibarətdir və 320 şagird yerlikdir. Sahəsi 3232 kvadratmetr olan məktəbdə 45 sinif otağından əlavə musiqi alətlərinin saxlanması və xoreoqrafiya zalı, heykəltaraşlıq və rəssamlıq emalatxanaları, səsyazma studiyası, kitabxana yaradılıb. Məktəbin 177 nəfərlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Uşaq İncəsənət Məktəbində hazırda 288 şagird təhsil alır və 64 müəllim çalışır.
***
İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. İlham Əliyev tədbirdə iştirak edib.
Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına məlumat verdi ki, bu şəbəkə tərəfindən 21353 əhali, 1806 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 23159 abonentə xidmət göstərilir. Rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə Katex kəndindəki 110/6 kV-luq "Qafqaz" yarımstansiyasında əsaslı yenidənqurma işləri aparılıb, 35/6 kV-luq "Kortala" yarımstansiyası tikilib, 35 kV-luq "Kortala" hava xətti çəkilib. Rayon ərazisində köhnə tipli 36 komplekt transformator məntəqələri müasirləri ilə əvəz olunub, yeni hava və kabel xətləri çəkilib və 1872 müxtəlif gərginlikli dayaq quraşdırılıb. 6 kəndin açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılıb.
Bildirilib ki, Ağıllı Şəbəkələr konsepsiyasına uyğun olaraq Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi yaradılıb və xüsusi proqram təminatı vasitəsilə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real-vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması barədə sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Mərkəz, həmçinin yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqinin aparılmasında, elektrik şəbəkələrində açılma və qoşulmaların real-vaxt rejimində qeydiyyatında xüsusi rol oynayacaq.
Qeyd edilib ki, görülmüş tədbirlər və qoyulmuş investisiyalar nəticəsində Balakən elektrik şəbəkəsində itkilər 5,2 faiz azalıb, 10,0 milyon kilovat-saat elektrik enerjisinə qənaət olunub. Faydalı elektrik enerjisinə görə yığım göstəriciləri 87 faizə çatdırılıb.
Sonra Prezident İlham Əliyev şəhərin kommunal təsərrüfatı üçün alınan texnikaya baxdı.
Bildirilib ki, bu məqsədlə Gəncə avtomobil zavodunun istehsalı olan iki traktor, bir traktor qoşqusu və küçə süpürən texnika Balakənə gətirilib.
***
Prezident yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib. Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.
***
İlham Əliyev Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub. Dövlət başçısına təsərrüfat barədə məlumat verilib.
***
Bildirilib ki, 2012-ci ildə Katex və Beretbinə kəndlərində yaradılan “Bal Meyvə” bağçılıq təsərrüfatında 9 növ olmaqla 95 min alma və 4 növdə 3 min armud tingləri əkilib. Bundan əlavə, Beretbinə kəndində 15 hektar ərazidə 5 növdə 6500 gavalı və 2 növdə 2 min nektarin tinglərinin əkildiyi bağlara aqrotexniki, aqrokimyəvi xidmətlər göstərilir və bu bağlarda müasir “damcı” suvarma sistemi qurulub.
Məlumat verilib ki, 2020-ci ilin əvvəlində meyvələrin xüsusi şəraitdə saxlanılması üçün tutumu 1300 ton olan soyuducu anbarın tikintisinə başlanıb və sentyabrda onun istifadəyə verilməsi nəzərdə tutulub. Bağın 6 hektar ərazisində balıqçılıq təsərrüfatı üçün göl yaradılıb və burada 3 növ balıq bəslənilir.
Diqqətə çatdırılıb ki, təsərrüfatda daimi olaraq 80 nəfər işçi çalışır, yığım vaxtı isə 200-dən çox rayon sakini mövsümi işlərə cəlb olunur.
Qeyd edək ki, ötən il təsərrüfatda 1200 ton meyvə istehsal edilib, bu il 1400 ton, 2023-2024-cü illərdə isə 2000 tondan çox meyvə istehsalı nəzərdə tutulub.
Daha çox xəbər:
İlham Əliyev Şəkidə səfərdədir — YENİLƏNİB
Gündəm, SiyasətPrezident Balakəndə “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub — FOTO
ÖlkəPrezident Balakəndə Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında — F ...
Gündəm, Siyasət“Azərbaycan” İstilik Elektrik Stansiyası istifadəyə verildi
ÖlkəPrezident “Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mər ...
Gündəm, Siyasət