Gündəm, Siyasət
30 dekabr 2020
223
Ermənistan Paşinyansız da kapitulyasiya edəcəkdi... - İrəvan yenə odla oynayır, Moskva isə...
Azərbaycanın razılığı ilə bölgəyə rus sülhməramlı kontingenti yerləşəndən sonra erməni terrorizmi sanki yeni “nəfəs” qazanıb. Hadrutda hərbçilərimizə edilən növbəti xain hücum bu qənaəti qətiləşdirib və qanunsuz erməni silahlılarının tör-töküntülərinin axırına çıxmaq üçün Azərbaycanın təcili şəkildə antiterror əməliyyatı aparmasına ehtiyac yaranıb.
Şübhə yox ki, bənzər insidentlər davam edəcəyi təqdirdə ayrı yolumuz qalmayacaq. Bu haqda Azərbaycanın Müdafiə Nazirliyi sərt xəbərdarlıq da edib. Erməni terrorçu qrupların yeni azğınlığı isə real görünür. Çünki qeyd etdiyimiz kimi, onlar rus hərbçiləri sayəsində özlərini heyrətamiz dərəcədə rahat və cəzasız hiss etməyə başlayıblar. Yəqin düşünürlər ki, Rusiya qüvvələri Qarabağa əbədilik gəlib və Azərbaycanın əl-qolu da o səbəbə həmişəlik bağlanıb.
Ancaq bu, illüziyadır. Əvvəla, Azərbaycan öz ərazisinin istənilən hissəsində antiterror əməliyyatı aparmaq hüququna malikdir və bundan ötrü heç bir ölkədən, o cümlədən Bakının izni ilə torpaqlarımızda sülhməramlı qüvvələri yerləşmiş Rusiyadan razılıq almağımıza gərək yox. Bunu Araik başda olmaqla, Xankəndindəki quldur-banditlər qulaqlarında sırğa etməli və nə qədər gec deyil, ya könüllü şəkildə tərk-silah olmalı, ya da əraziimizdən cəhənnəm olub getməlidirlər. Gerisayım başlayıb. Əks halda, onlar ya məhv ediləcək, ya da ömürlük türmə həyatı yaşayacaqlar - Azərbaycanda.
*****
Torpaqlarımızda erməni terrorçularının “xortlaması” həm də İrəvanda hakimiyyət uğrunda gedən savaşla əlaqəli sayılır. Aydındır ki, acı kapitulyasiya “həb”ini şəxsən udmuş və Ermənistanın hərbi potensialına əminlik hasil etmiş Nikol Paşinyana yeni müharibə lazım deyil. Müxalifət isə onu guya ölkənin resurslarından düzgün istifadə eləməməkdə və çevik siyasət aparmamaq nəticəsində Ermənistanı məğlubiyyətə düçar eləməkdə suçlayır, Azərbaycana qarşı intiqama çağırışlar edir.
Ancaq Paşinyansız da Ermənistan kapitulyasiya edəcəkdi. Ona görə ki, darmadağın olan “yenilməz” erməni ordusu 1-2 ilin içində yaranmamışdı, əsasən əvvəlki iqtidarların, xüsusən də Qarabağ klanının hakimiyyətdə olduğu illərdə qurulmuşdu. Bunu əcnəbi hərbi təhlilçilər də qeyd edirlər.
“Əgər Ermənistan revanş götürməyə çalışsa, ilk növbədə özünü yeni fəlakətə atacaq”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı hərbi ekspert Mixail Xodarenok deyib. “Mənim təxminlərimə görə, İrəvanda revanşist hisslər qələbə çalarsa və hərbi əməliyyatların davam etdirilməsinə cəhd edilərsə, bu, erməni tərəfi üçün daha da pis fəlakətlə nəticələnə bilər”, - deyə o, xəbərdarlıq edib.
Erməni xalqının Qarabağ müharibəsində məğlubiyyəti başa düşməsinin inanılmaz dərəcədə çətin olduğunu etiraf edən təhlilçi İrəvanı ölkəni öz imkanları barədə rasional düşünməyə çağırıb və növbəti müharibənin Ermənistanın müstəqil dövlət olaraq yox olması ilə nəticələnə biləcəyini vurğulayıb...
*****
Bu xüsusda Paşinyan hakimiyyətin daha çevik siyasət yürüdəcəyi halda müharibənin qarşısını almağın mümkün olacağı barədə müxalifətin tirajladığı iddiaları əsassız saymaqda haqlı görünür. Onun sözlərinə görə, bu tezisi təbliğ edənlər bir suala cavab verməlidirlər: “O zaman niyə ”çevik" siyasətlə 2016-cı ilin aprel müharibəsindən qaçmaq mümkün olmayıb?"
“Yeni Müsavat” xəbər verir ki, bu barədə o, özünün facebook səhifəsində yazıb.
Baş nazir ardınca bildirir: “Əvvəlki hakimiyyətlərin uzun illər davam etdirdiyi ”çevik siyasət" nəticəsində 2016-cı ildə Qarabağın statusu barədə heç nə deyilmədən və 7 rayonun (5 + 2) geri qaytarılmasını təmin edən Rusiyanın təklifi dövriyyəyə buraxılmışdı. Rusiya niyə belə bir təkliflə çıxış etmişdi? Sadə səbəbə: Ermənistanın “çevik siyasəti” üzündən “Madrid prosesi” dalana girmişdi, çünki Dağlıq Qarabağ Azərbaycanın daxilində olmayan bir statusu yalnız Bakının razılığı ilə ola bilərdi. Həm Rusiya, həm də hər kəs üçün aydın idi ki, Bakı bu variantla heç vaxt razılaşmayacaq".
Paşinyan yenə sual edir: “Əgər Ermənistanın 2018-ci ildən sonrakı siyasəti yetərincə rusiyayönümlü deyildisə, bəs niyə 2016-cı ildə - ”kifayət qədər rusiyapərəst" siyasət aparıldığı vaxt Rusiyanın bu cür təklifləri ortaya çıxmışdı və Aprel müharibəsi baş vermişdi? “Çevik” siyasəti müdafiə edənlərin əsas çatışmazlığı odur ki, onlar uzun illər müharibəyə hazırlaşmaq əvəzinə, ondan yayınmaq siyasəti apardılar. Bizim isə ən böyük səhvimiz ötən 2 il yarımda talan edilmiş vəsaiti geri qaytara bilməməyimiz və müharibəyə lazımi dərəcədə hazırlaşmamağımızdır “.
*****
Bu arada Hadrutda erməni terrorçularının növbəti dəfə terror törətməsi ilə yanaşı, rus sülhməramlılarının mövqeyi də təzədən gündəmə gəlib. Artıq bu haqda obyektiv mövqeli rusiyalı təhlilçilər də SOS siqnalı verməyə başlayıblar. Belə ki, başda tarixçi-analitik Oleq Kuznetsov olmaqla, bir sıra rusiyalı politoloqlar bu hadisədən sonra rus sülhməramlılarının Qarabağdakı fəaliyyəti və onların ermənilərə qayğısını kəskin şəkildə tənqid ediblər (Axar.az).
Tanınmış rusiyalı ekspert, jurnalist və ictimai xadim Maksim Şevçenko isə öz kanalından canlı yayımı zamanı rus sülhməramlılarının fəaliyyətinin 3-cü Qarabağ savaşına yol açdığını bildirib: “Rusiyanın RBK telekanalı - bu kanal Rusiya Prezident Administrasiyasına bağlıdır - açıq-aşkar Araiki (keçmiş və qondarma ”dqr"in separatçı-terrorçu rəhbəri) “dqr”ın prezidenti adlandırır. Dövlət tərəfindən (Rusiya dövləti nəzərdə tutulur - red.) açıq şəkildə dəstəklənənlər də daxil olmaqla, Rusiyanın bir çox media qurumu Dağlıq Qarabağı “artsax” kimi qələmə verir. Bu, 10 noyabr bəyannaməsinə açıq-aşkar xəyanətdir. Putin Dağlıq Qarabağı birmənalı şəkildə Azərbaycan ərazisi saydığını bildirir, amma dövlət mediası fərqli təbliğat aparır".
Şevçenko rus sülhməramlılarına Qarabağda heç bir ehtiyac olmadığını və onların fəaliyyətinin heç də sülhməramlı olmadığını da vurğulayıb. O deyib ki, Qarabağ - Azərbaycanın suveren ərazisidir: “Rusiyada bəziləri sanki orada növbəti bir xəstəlik yaratmaq və sonra onunla alver etmək istəyirlər”.
Sözünə davam edən ekspert bildirib: “Bu yaxınlarda Rusiya müdafiə naziri Sergey Şoyqu deyib ki, Qarabağda hər biri 300 sülhməramlı üçün nəzərdə tutulmuş 32-yə yaxın şəhərcik salacaqlar. Bu, toplamda 10 min nəfər deməkdir. 10 min nəfərlik sülhməramlı kontingent? Bu rəqəm Qarabağda vuruşan erməni ordusunun az qala yarısı deməkdir. Kimə lazımdır bu qədər sülhməramlı?! Deməli, həmin şəhərciklər ”dqr"in yeni “ordusu”nun hazırlanması üçün nəzərdə tutulub və bu ordu sonradan Azərbaycana qarşı vuruşacaq?"
Şevçenko hesab edir ki, ermənilər buna görə açıq şəkildə 3-cü Qarabağ savaşından danışırlar. “Baxın, erməni politoloq İsgəndəryan mart-aprel aylarında 3-cü Qarabağ savaşının olacağını bildirib. Onlar ”rus qalxanı"nın arxasında gizlənərək, ordunu modernləşdirərək, yeni qan tökülməsinə hazırlaşırlar? Bu ehtimal istisna deyil. Bəs bu, Rusiyanın nəyinə lazımdır? Bu, bizə, ruslara qətiyyən lazım deyil. Bizə azərbaycanlılarla qarşılıqlı əməkdaşlıq və sülh lazımdır. Orada olan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da çıxıb getməlidirlər başqa ölkəyə", - deyə politoloq vurğulayıb və Rusiyada, o cümlədən Rusiya silahlı qüvvələri daxilində erməni lobbisi və erməni maliyyəsinə bağlı şəxslərin olduğunu söyləyib, o sırada Zatulin kimi şəxslərin Putinin iradəsi əleyhinə getdiyinə işarə edib.
*****
Göründüyü kimi, bu dəfə “cidanı çuvalda gizlətmək” qat-qat çətin olacaq. Elə ermənilərin Rusiyadakı və Qarabağdakı havadarları üçün də...
“Yeni Müsavat”
Daha çox xəbər:
Rus sülhməramlıları Qarabağda sual yaradır - Kuznetsov
Siyasət"Ya sülhməramlı kimi vəzifənizi icra edin, ya da çıxın gedin" - Hərbi eks ...
Gündəm, ÖlkəPaşinyan anti-Rusiya kampaniyasına başladı
Dünya“Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”
SiyasətRusiya ilə Ermənistan arasında yeni qalmaqal — Moskva Yerevandan izahat təl ...
Dünya