Gündəm, Cəmiyyət
03 yanvar 2021
207

İNK hər zaman sizinlədir

İNK hər zaman sizinlədir


Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibətilə hər bir soydaşımızı ürəkdən təbrik edirəm, ən xoş, səmimi arzularımı bildirirəm.

Koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vurduğumuz 2020-ci il dünya hərb tarixinə düşən qələbəmizlə yadda qalacaq.
Xalqımıza milli qürur və şərəf hissini yaşadan müzəffər ordumuzun qüdrəti və Ali Baş Komandanın siyasi iradəsi sarsılmaz dövlətə sahib olduğumuzu nümayiş etdirdi.
Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbiçilərimizə tezliklə şəfa tapmalarını arzulayıram.
Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək, ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.
Eyni zamanda Azərbaycanın dünyanın qlobal proseslərində fəaliyyəti, prezidentimizin 120 dövlətin təmsil olunduğu Qoşulma hərəkatının və Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi çıxışları və gördüyü işlər ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani göstəriçisidir.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Sabitlik və İnkişaf Mərkəzinin 5 il öncə İlham Əliyevin çağırışı əsasında təsis etdiyi İctimai Nəzarət Koalisiyası da 2020-ci ili gərgin fəaliyyət çərçivəsində başa vurmuşdur.
Ölkə rəhbərliyinin irəli sürdüyü qanun və qaydaların həyata keçirilməsi zamanı qarşılaşdığımız bir çox özbaşınalıqlarla bağlı təşkilatımızın departamentləri, şəhər və rayon nümayəndəlikləri tərəfindən aşkara çıxarılan faktlarla əlaqədər müvafiq tədbirlər görülmüşdür.
İNK-nın əhalinin düzgün informasiya təminatı, onlayn ictimai təbliğat kompaniyaları da ölkəmizin mənafelərinə xidmət çərçivəsində həyata keçirilmişdir.
Həmçinin dünyanın bir neçə ölkəsində DAMM-nin və İNK-nın nümayəndilikləri fəaliyyətə başlamışdır.
Bir daha bütün azərbaycanlıların bayramlarını təbrik edirəm. Ölkəmizin daha da güclənməsi və inkişafı naminə fəaliyyətdə hər birinizə uğurlar arzu edirəm.

Rasim Məmmədov,
İctimai Nəzarət Koalisiyasının sədri,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri