Gündəm, Siyasət, Cəmiyyət
12 dekabr 2022
263

XX əsrin fenomen şəxsiyyəti

XX əsrin fenomen şəxsiyyəti
Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına Tanrının bəxş etdiyi böyük şəxsiyyətdir. Və xalqımız ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 18-ci ildönümünü onun ən böyük arzusunun çin olmasının – Qarabağın düşməndən azad edilməsinin sevinci ilə qeyd edir. Bu gün Ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə millət atası Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi vəsiyyətini gerçəkləşdirdi.
Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın çağdaş tarixinə möhtəşəm zəfər salnaməsini yazdı. Azərbaycan misilsiz Qələbə qazandı. Bu qələbə müstəqil dövlətimizin gücünü, ölkəmizin qüdrətini, xalqımızın döyüş ruhunu, qələbə əzmini dünyaya bir daha təqdim etdi. Və ən əsas odur ki, bütün dünya Azərbaycanın bir dövlət olaraq gücünün bir daha fərqində oldu. Dünya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi, diplomatik hazırlığına, bacarıqlı dövlət rəhbəri, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə olduğuna bir daha əmin oldu, xalqımızın vətənpərvərliyini, milli birliyini gördü. Beynəlxalq aləm ordumuzun rəşadətinə, əsgərlərimizin igidliyinə şahidlik etdi. Biz də özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidləri olduq. Gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Eyni zamanda, haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Milli tariximizi nə qədər oxusaq da, gözəl bilsək də, ona hər zaman sadiq qalsaq da, Qarabağsız bu tarix, sanki tam deyildi. Məhz belə bir mənəvi boşluğu Ali Baş Komandanın böyük cəsarəti, qətiyyəti, Müzəffər Ordumuzun böyük ruh yüksəkliyi, döyüş hazırlığı tamamladı. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda, ümummilli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Ölkə başçısının uğurlu rəhbərliyi, hərbi sahədə yeniliklərin tətbiq edilməsi, hərbi texniki bazanın möhkəmləndirilməsi tarixi zəfərin, tarixi Qələbənin qazanılmasında əsas amil oldu.
Qeyd edək ki, Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 35 il müddətində ulu öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir.
Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması, Azərbaycanın isə onun simasında özünə yeni fəaliyyət metodlarına malik rəhbər tapması hər ikisinin yüksəlişinin, xalqın da xoşbəxtliyinin başlanğıcı oldu! Azərbaycana rəhbərliyə başladığı gündən hər bir vətəndaş, bütövlükdə xalq ona arxa duran, mənafeyini qoruyub müdafiə edən, haqsızlıq və qanunsuzluqla barışmayan böyük qəlbli insanın hakimiyyətə gəldiyini düşünürdü. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırladı. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".
Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu sıralarında da milli kadrların yetişməsinə və yerləşməsinə çalışırdı. Ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycanda fəaliyyət göstərən hərbi məktəblərlə maraqlanan ümummilli lider orada nəinki təhsil alanların, hətta dərs deyənlərin sırasında belə azərbaycanlıların tək-tük olduğunu bilmişdi. Çox keçmədən Ulu öndərin təşəbbüsü və şəxsi himayəsi altında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb açıldı. Tezliklə bu məktəb böyük şöhrət qazandı. Yeniyetmələr həvəslə burada oxumağa gəlir, sonra təhsillərini keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində uğurla davam etdirirdilər. Qarabağ uğrunda döyüşlərdə məktəbin müdavimləri böyük şücaət göstərdi, bir çoxu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Müstəqillik dövründə milli ordu quruculuğunda vaxtilə C.Naxçıvanski adına hərbi təmayüllü məktəbi bitirən zabitlərin əməyi böyük olmuşdur. Onlar bu gün də orduda ləyaqətlə xidmət edir, Heydər Əliyev ideyalarına sadiqliklərini nümayiş etdirirlər.
"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 18 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur.
Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət kimi, eyni zamanda, Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl, uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı. Eyni zamanda, bu gün Azərbaycan dövləti İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. Bu dövrdə İlham Əliyev çox təzyiqlərlə üzləşdi. Lakin dövlətimizin rəhbəri onların hamısına qətiyyətlə, cəsarətlə sinə gərdi. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanın yürütdüyü 30 illik işğalçılıq, talançılıq, varvarlıq, terrorçuluq siyasətini əməli şəkildə cəzalandırdı. Xüsusilə, Şuşamızın işğaldan azad olunması münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən Cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı. Bu, həm də belə bir qənaətə gələn həqiqətdir ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev işğal altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi Cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü! Uzaqgörən və Əbədi Liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı.
8 noyabr 2020-ci il. Həmin unudulmaz tarix-Şuşanın erməni işğalından azad olunduğu gün Prezident İlham Əliyev Ulu Öndərin Fəxri Xiyabandakı müqəddəs məzarını ziyarət etdi və sonra Şəhidlər Xiyabanından xalqa müraciət edərək tariximizə qızıl hərflərlə həkk olunacaq bu sözləri dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan!”.
Bəli, bu dövlətçilik tariximizlə yanaşı, həm də dünyanın yeni tarixinə yazılan bu qalibiyyət simvolunda xalqımızın iki övladının – Ulu Öndər Heydər Əliyevin və Böyük Sərkərdə, Prezident İlham Əliyevin adlarının qızıl hərflərlə həkk olunması artıq danılmaz bir gerçəklikdir – ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi! Və bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Və bu gün müqəddəs qələbə günündə hamımız Ulu Öndərin məzarını ziyarət edəcək, onun ruhuna dualar oxuyacağıq. Çünki çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq, çünki Qarabağ Azərbaycandır!

Vəzir Həsənov
DGK-nın Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi

XX əsrin fenomen şəxsiyyəti