Gündəm, Cəmiyyət, Ölkə
10 fevral 2023
463
Dövlət Yol Polisinin fəaliyyəti və qarşıda duran vəzifələr

Yol-nəqliyyat hadisələrinin təhlili və qarşısının alınması mühüm əhəmiyyətə malikdir. Nəqliyyat vasitələrinin sayının artması ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqətin artırılmasıdır. İlk növbədə, maarifləndirmə, yol hərəkəti qaydalarının öyrədilməsi, izahı həyata keçirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, respublikada nəqliyyat infrastrukturu, demək olar ki, tamamilə yenilənib. Ona görə də yollardan səmərəli istifadə, yolların çirkləndirilməməsi, dağıdılmaması üçün maarifləndirmə əsas şərtlərdəndir. Bunun üçün kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə yanaşı, əmək kollektivlərində, kəndlərdə, məktəblərdə ictimai maarifləndirməyə ehtiyac vardır. Bundan əlavə, yol hərəkəti təhlükəsizliyi üçün real təhlükə olan hallarda, yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilində dəyişikliklər etməli, yol-nəqliyyat hadisələrinin səbəbləri, daha çox baş verdiyi ərazilər araşdırılmalı, nəzərə alınmalı, bu zaman hərəkəti nizamlayan texniki vasitələrin quraşdırılması, ləğv edilməsi, dəyişdirilməsi üçün təkliflər verilməlidir. Yol hərəkəti insan həyatı üçün təhlükə mənbəyi olmasın. Lakin sürücülərin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması ilə törədilən qəzalar yol-nəqliyyat hadisələrinin əksər hissəsini təşkil etməkdədir. Ona görə də sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanlar obyektiv olmalı, sürücü hazırlığına peşəkar yanaşılmalı, minimum tələblərə cavab verməyən şəxslər yol hərəkəti iştirakçısına çevrilməməlidir. Bununla yanaşı, yol hərəkəti iştirakçılarının nəqliyyatdan istifadə mədəniyyətinin yüksəldilməsi üçün tədbirlər görülməlidir. Yollarda dayanma, durma qaydalarına riayət olunmasına, yolun hərəkət hissəsinin daim açıq qalması üçün birtərəfli parklanma vərdişlərinin yaradılmasına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir.
Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi Bayram Cəfərov xüsusi ilə vurğulayır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə şanlı ordumuz və şəhidlərimizin qanı bahasına 30 il həsrətində olan Qarabağımız işğaldan azad olundu. Cənab Prezident Qarabağda yenidənqurma işlərinin həyata keçirilməsində əmr və sərəncam imzaladı və bununla yanaşı ilk növbədə yol infrastukturun qurulması və yol təhlükəsizliyin təmin olunmasında böyük işlər görüldü. Azərbaycan yolları dünya standartlarına cavab verən texnologiyalar üzərində qurulur və inşa edilir. Bunun üçün ölkə başçısına dərin minnətdarlığımızı bildiririk.
