Gündəm, Cəmiyyət
06 mart 2023
469

Təhsilə qayğı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanin fəaliyyətində əsas prioritetdir

Təhsilə qayğı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanin fəaliyyətində əsas prioritetdir
Həyatda elə şəxsiyyətlər var ki, onların adının çəkilməsi ilə bir anda gördüyü işlər göz önündə canlanır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da xalq tərəfindən sevilən belə şəxsiyyətlərdəndir. Həyatının başlıca amalı məhz xeyirxahlıq və xoş niyyət olan birinci xanımın adı çoxşaxəli fəaliyyəti, insanlarla ünsiyyəti ilə sanki bir vəhdət təşkil edir.
Mehriban Əliyevanın təhsil, səhiyyə, mədəniyyət sahələrində reallaşdırdığı genişmiqyaslı layihələr, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda həyata keçirdiyi tədbirlər bu nəcib əməllər sahibinin hərtərəfli bilik və bacarıqlara malik olduğunu göstərir. Mehriban xanımın fəaliyyəti uşaqlardan tutmuş yaşlı insanlara kimi - əhalinin bütün təbəqələrini əhatə edir.
“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Bu sözləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında səsləndirib. Və bu gün bizlər Mehriban xanımın söylədiyi fikirlərinin real həyatda uğurla həyata keçirdiyinin şahidiyik.
Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya, yeni öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə ölkə başçısı İlham Əliyevin və xalqımızın etimadını layiqincə doğrultmaqdadır.
Rəhbərlik etdiyi Heydər Əlyev Fondu böyük uğurlara imza atmaqla, inkişafyönümlü layihələri gerçəyə çevirərək, fəaliyyətini qloballaşan dünyanın yeni aktual çağırışlarına adekvat şəkildə qurmağı bacararaq ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edir, milli mənafeləri qoruyur.Təkcə Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən kənarda da böyük rəğbət qazanan, hər zaman köməyə, yardıma ehtiyac duyanların yanında olan Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını rəhbər tutaraq ümumbəşəri mədəniyyətə, sülhə və əmin-amanlığa sanballı töhfələrini verir.
Fondun uğurlu fəaliyyətində təhsilə diqqət və qayğı xüsusi önəm kəsb edir. Bu diqqət isə Azərbaycanda görülən işlərlə məhdudlaşmır.
Fondun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ona göstərilən bu etimadı da layiqincə doğruldub. Respublikamızın bir sıra dövlətlər ilə humanitar əlaqələrin mökəmlənməsinə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın genişlənməsinə, ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda da bir sıra məktəblərin tikintisinə və ya yenidən qurulmasına köməklik etmək, dəstək vermək Heydər Əliyev Fondunun ən uğurlu fəaliyyət istiqamətlərindəndir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycanla yanaşı, adlarını qeyd etdiyimiz ölkələrdə, həmçinin Rumıniyada, Hollandiya və Misirdə, bir sözlə, dünyanın ehtiyac olan bütün guşələrində təhsilin keyfiyyətini yüksəltmək səyləri məhz böyüməkdə olan nəslin bilik və mədəniyyət səviyyəsini artırmaq estafetinin davamıdır.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə məhz Fondun adını daşıdığı görkəmli şəxsiyyətə layiq xüsusi dəst-xətt müşahidə olunur. Azərbaycanda həyata keçirilən layihələr ölkəmizin müasirləşməsinə, dünya ölkələrinin sözün yaxşı mənasında diqqətini üzərimizə çəkməyə, təhsilimizin inkişafına, insanlarımızın şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Ölkəmizdən kənarda gerçəkləşdirilən layihələr isə Azərbaycanın təbliğatına, onun probleminin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasına hesablanıb ki, bizcə də artıq son bir ilin hadisələri göstərdi ki, bu məqsədə uğurla nail olunub. Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə bir sıra xarici ölkələrdə tikilən və ya yenidən qurulan təhsil ocaqlarında ölkəmizi tanıdan, onun üzləşdiyi işğal, qaçqın və soyqırım faktlarını diqqətə çatdıran muzey mərkəzlərinin qurulması da uğurlu fəaliyyətin mühüm hissəsidir.
Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq səviyyədə həyata keçirdiyi möhtəşəm işləri, reallaşdırdığı qlobal layihələri özəyində humanizm, insanpərvərlik, mərhəmət olan ortaq bir xətt birləşdirir. Təhsillə bağlı reallaşdırılan irimiqyaslı tədbirlər Mehriban Əliyevanın dünya insanının savadlanmasına xidmət etməklə hansı ölkədə yaşamasından asılı olmayaraq insanlara bir addım yaxın, faydalı olmaq məqsədini özündə ehtiva edir. Və ONU təkcə bizlər deyil, digər ölkələrdə reallaşdırdığı layihələrdən bəhrələnən insanlar da özünün doğması kimi qəbul edir. Birinci xanım artıq hamının MEHRİBANI olmağı bacarıb.
Fürsətdən istifadə edərək qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə mərhəmət mücəssəməsi olan Mehriban xanım Əliyevanı və onun timsalında bütün Azərbaycan qadınlarını təbrik edirəm. Uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirəm.
Təhsilə qayğı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanin fəaliyyətində əsas prioritetdir
Bərxudar Bərxudarov
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru