Gündəm, Cəmiyyət, Sosial
21 may 2023
322
Samux rayonunda Şəhidlərin əziz xatirəsi yad edildi
17 may 2023-cü il tarixində Samux rayonu, Yuxarı Ağasıbəyli kənd Tam orta məktəbində Birinci və İkinci Qarabağ savaşında həlak olan şəhidlərimizin unudulmaz xatirəsinə həsr edilmiş və üzərində dörd şəhidimizin-Xəlilov Etibar Bayram oğlu(Ağasıbəyli şəhidi), Kərimov Gəray Cavad oğlu(Ağasıbəyli şəhidi), kapitan Cəfərli Həmid Kərim oğlu(Bakı şəhidi), İbadov Aqşin Nazim oğlu (Lənkəran şəhidi)- adları həkk edilən ,,Abidə bulağ,,-nın açılış tədbiri keçirildi.
Tədbirdə Samux rayonu İcra hakimiyyətinin məsul işçiləri, Samux rayon İcra hakiminin ikinci müavini, şəhid Xəlilov Etibar Bayram oğlunun bacısı Xəlilova Kəmalə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayon sektorunun rəhbəri Nurlana Həsənova, Ağasıbəyli kənd İcra nümayəndəliyinin rəhbər heyəti, tədbirə xüsusu dəvət olunmuş Bakı və Lənkərandan gələn şəhid valideynləri və doğmaları, Qarabağ qaziləri, məktəbin müəllim və şagird kollektivi, kənd ictimaiyyətini təmsil edən kənd ağsaqqalları və qonşu Əhmədbəyli kənd orta məktəbinin müdiri, bir neçə müəllimi iştirak etdi.
Tədbiri giriş sözü ilə məktəbin Dərs hissə müdiri Umani Əfqanə açaraq Azərbaycanın ərazi bütövlüyü və işğal edilmiş ərazilərimizin azad olunması uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sonra Azərbaycanın Dövlət himni səsləndirildi. Çıxışına davam edən Əfqanə xanım bildirdi ki, vətənin azadlığı və bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşən və həlak olan hər bir şəhidin müqəddəs ruhu qarşısında baş əyirik və onların analarının əllərindən öpürük. Şəhidlərimizin xatirəsini həmişə uca tutmalı və məktəblilərə onların qısa, amma şərəfli ömür yolunu tanıtdırmalıyıq.
Sonra sözü məktəbin direktoru Məhərrəmova Gülsəfaya verdi. O, tədbirə dəvəti qəbul edib uzaq yol gələn şəhid doğmalarına və döyüş yoldaşlarına təşəkkür etdi.
Vətən müharibəsində minlərlə gəncin mərdliklə şücaət göstərdiyini və məhz onların sayəsində əmin-amanlıqla həyatımıza davam etdiyimizi qeyd etdi. Belə qəhrəman oğullar böyütdükləri üçün şəhid valideynlərinə xalqımız adından dərin təşəkkürünü bildirdi.
Sonra Samux rayon Təhsil sektorunun müdiri Nurlana Həsənova çıxışında belə tədbirlərin təşkilinin yeni yetişən gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində önəmini vurğuladı və gənc ömürlərini vətənə qurban edən şəhidlərin valideynlərinə belə igid, düşməni nəfəsini kəsən övladlar böyütdükləri üçün minnətdarlığını bildirdi. Sonra şəhidlərin valideynləri, doğmaları, döyüş yoldaşları da çıxış edərək əvvəlcə tədbirin təşkili və dəvət üçün təşəkkür etdilər. Dövlətimizin və xalqımızın şəhidlərimizə və qazilərimizə bu cür diqqəti və ehtiramının onlar üçün çox dəyərli təskinlik olduğunu bildirdilər.Vətən uğrunda övladını qurban edən valideynlər üçün, sağlamlığını itirmiş qazilər üçün belə tədbirlərin təşkilini xalqımızın onlara dəyəri, qədirbilənliyi kimi qiymətləndirdilər.
Daha sonra şagirdlər bulaqda adları həkk edilən şəhidlərimizin qısa, amma şərəfli ömür və döyüş yolu haqqında məlumat verdilər.
Məktəbin Hərbi hazırlıq müəllimi, əməkli hərbçi, İkinci Qarabağ savaşında kəşfiyyat komandiri kimi iştirak edən mayor Məmmədov Rövşənin çıxışı hamını çox təsirləndirdi. O öz döyüş xatirələrini bölüşərək bildirdi ki, şəxsən mən yüzə yaxın əsgər və ya zabitin şəhadətinin şahidiyəm. Çox söz söyləyə bilərəm, amma onu dəqiq deyə bilərəm ki, şəhidlərin heç biri təsadüf və ya qəza nəticəsində həlak olmayıb. Onlar sanki seçilmişdilər və şəhidlik üçün doğulmuşdular!
Sonra məktəbin Təsərrüfat işləri üzrə rəhbəri, İkinci Qarabağ müharibəsi qazisi Həsənov Vüqar da çıxış etdi. O,öz döyüş yolu haqqaında danışıb xatirələrini bölüşdü. Şəhid kapitan Cəfərli Həmidin onu iki dəfə ölümdən qurtardığını bildirdi. Şəhidin anasından buna görə halallıq istəyib əlindən öpdü.
Qeyd edək ki, Vüqar Həsənov döyüşdə tankı ilə birgə düşmən tərəfindən vurulmuş, lakin çox böyük çətinliklə yanan tankı ilə öz mövqeyinə qayıtmışdır. Bu döyüşdə onun bədəninin 70% yanıq xəsarəti almış, həkimlərin bir neçə aylıq davamlı müalicəsi nəticəsində sağalaraq elinə, ailəsinin yanına dönmüşdür.
Tədbirdə məktəb şagirdləri də şəhidlərə həsr edilmiş şerlər söylədilər.11-ci sinif şagirdi Əsədova Xanımın çıxışı da tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirildi.
Tədbirin sonunda qonaqlar məktəbdə şəhidlərin ruhuna ehsan üçün təşkil olunmuş çay süfrəsinə dəvət olundular.
Şəhidlərimiz bizim qürurumuz və and yerimizdir.
Hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur ki, Şəhidlərin xatirəsinə və onların ailələrinə hörmət və ehtiram göstərsin, Onların adını uca tutsun!
Fərid Səfərov
Daha çox xəbər:
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbb ...
Gündəm, CəmiyyətVətən müharibəsi şəhidi dəfn edildi - FOTO
HadisəŞəhid atasına Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının xüsusi mükafa ...
CəmiyyətSabah şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Gündəm, SiyasətMN: Şəhidlərin adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu açıqlanacaq
Ölkə