Gündəm, Ölkə
01 iyul 2023
302

Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun, vətənin və dövlətinin keşiyində

Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun, vətənin və dövlətinin keşiyində
Qanunun və asayişin keşiyində duran 105 yaşlı Azərbaycan polisi
Tarixi Zəfərimizin müstəqilliyimiz kimi əbədi olması naminə daxili işlər orqanlarının hər bir əməkdaşı bundan sonra da dövlətə qətiyyətlə və fədakarlıqla xidmət edəcək
Yüz beş yaşlı Azərbaycan polisinin ad günü Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə Polis Günü kimi artıq 25-ci dəfədir dövlət səviyyəsində qeyd olunur. Azərbaycan polisi gərgin və şərəfli inkişaf yolu keçmişdir. Təbii ki, polisin keçdiyi yol dövlətçiliyimizin tarixi ilə sıx bağlıdır. Tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə, 1918-ci ilə dayanan Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları o gündən bu günə qəhrəmanlıq, humanizm simvolu olub, ölkədə asayişin, təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın qorunmasında, cinayətkarlığa qarşı mübarizədə fədakarlıqlar göstərib. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də daxili işlər orqanları uğurla ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları ilə daxili işlər orqanlarının 67 əməkdaşına "Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilib, 86 əməkdaş "Azərbaycan Bayrağı” ordeni, 1143 nəfər orden və medallara layiq görülüb.
Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.
18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.
Azərbaycan xalqının Ümummilli Lideri xalqın tələbilə hakimiyyətə ikinci dəfə qayıdışı ilə ölkənin müstəqilliyini itirmək təhlükəsinin qarşısını aldı. O, yaxşı bilirdi ki, respublikada möhkəm ictimai-siyasi sabitliyi bərpa etmədən heç bir müvəffəqiyyətdən danışmaq olmaz. Bu məsələnin həllində isə daxili işlər orqanlarının rolu əvəzolunmazdır. Ulu Öndərin birbaşa rəhbərliyi ilə DİN və onun strukturlarında aparılan köklü islahatlar polisin yeni obrazını yaratdı. Azərbaycan polisi Konstitusiya və qanunlarla üzərinə qoyulan vəzifələri yerinə yetirməklə ölkədə dayanıqlı sabitliyin və təhlükəsizliyin əsas təminatçısına çevrildi. Azərbaycan polisinə yaraşan da elə bu idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülür.
Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradılıb, ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb. Prezident İlham Əliyev tərəfindən peşə bayramı ərəfəsində şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və xidmətdə fərqlənən bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsi barədə qəbul etdiyi qərarlar hər bir polis əməkdaşının gərgin əməyinə verilən ali qiymətin əyani təsdiqidir.
Azərbaycan Respublikasının daxili işlər naziri, polis general- polkovniki Vilayət Eyvazovun bu vəzifəyə təyinatından sonra polis orqanlarında başlanan müsbət tendensiyaları hər birimiz müşahidə edirik. Polisin cəmiyyətdə durmadan artan nüfuzu, sistemə yeni qəbulun tam şəffaf şəkildə aparılması, layiqli şəxslərin polis orqanlarına qəbulu göz önündədir.
Polis orqanlarında uzun illər şərəfli xidmət yolu keçən kadrlar bu gün Vilayət Eyvazovun başlatdığı islahatlara dəstək verir, var qüvvələri ilə polisin şərəfli adının qorunmasına çalışırlar.
COVID 19 pandemiyası dövründə Azərbaycan polisinin üzərinə böyük məsuliyyət qoyulmuşdu- o həm ölkə ərazisində cinayətkarlıqla mübarizə aparmalı, eyni zamanda, ictimai asayişi də qorumalı idi. Azərbaycan polisi bu vəzifənin də öhdəsindən layiqincə gəlməklə bir daha yüksək peşəkarlıq və şücaət göstərdi.
Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsi dönəmində də bir daha nümayiş etdirdilər. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman Azərbaycan əsgərinin şücaəti ilə əldə olunan şanlı Qələbədə, sözsüz, daxili işlər orqanlarının və DİN-in Daxili Qoşunlarının da xüsusi payı var. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Azərbaycanda hərbi vəziyyətin elan olunması ilə əlaqədar 2020-ci il sentyabr ayının 28-dən dekabrın 12-dək qüvvədə olan komendant saatı dövründə hərbi vəziyyət rejiminin əsas təminatçıları olaraq daxili işlər orqanları çox fədakar, əzmkar xidmət göstərdilər. Ölkədə elan edilmiş qismən səfərbərlik tədbirlərinin təşkilində, o cümlədən çağırışçıların təyinat məntəqələrinə təhlükəsiz çatdırılmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarına lazımi kömək göstərildi. Sevindirici haldır ki, bu müddətdə hərbi vəziyyət rejiminin tələblərinin kütləvi pozuntusuna rast gəlinmədi və vətəndaşlarımız komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının, hərbi qulluqçuların qanuni tələblərinə ciddi əməl etdilər.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması daxili işlər orqanlarının qarşısında bir çox yeni vəzifələr müəyyənləşdirir. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi Azərbaycan polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.
Azərbaycan polisi tərəfindən ölkəmizdə cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsi, satışı, qanunsuz birləşmələrə qarşı mübarizə ən yüksək səviyyədə həyata keçirilir. Respublika və paytaxt yollarında, küçə və prospektlərdə rahat və təhlükəsiz hərəkətin mümkün olması üçün polislərimizin xidmətləri əvəzsizdir. Dövlət Yol Polisi əməkdaşlarının cəmiyyətin bu istəyini yaxşı anlayaraq öz vəzifələrini icra etməsi isə polislə cəmiyyət arasında qarşılıqlı inam və etibarı daha da möhkəmləndirir. Ölkəmizdə və paytaxtda nəqliyyatın sürətlə artdığı bir şəraitdə təhlükəsiz, fasiləsiz və rahat hərəkətin təmin olunması, yollarda rahat və fasiləsiz hərəkəti , cəmiyyətimizi nəqliyyatın zərərli təsirindən qorumaq üçün fəaliyyət göstərir.
Bu gün 105-ci ildönümünü qeyd edən Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində, müstəqil dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında müstəsna xidmətlər göstərir. Torpaqlarımızın müdafiəsi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər istiqamətlərdə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirir. Azərbaycan polisi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin inam və etimadını öz peşəkar xidməti ilə doğrultmaq üçün bundan sonra da var qüvvəsi ilə çalışacaq.

Şəhriyar Şəmşirli
Suraxanı Rayon Polis İdarəsinin rəisi,
Polis polkovniki

Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun, vətənin və dövlətinin keşiyində

Biz də "Xeberim.info" olaraq başda cənab Nazirimiz Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarını və Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirlini peşə bairamı münasibəti ilə ürəkdən təbrik edirik. Yorulmaz iş fəaliyyətində uğur, qalibiyyət və zəfər diləyirik.

Dilşad Əhmədova
Baş redaktor