Gündəm, Cəmiyyət, Ölkə, Bölgə
08 iyul 2023
1426
Ağstafa şəhər 2 saylı tam orta məktəbinin direktoru Vəfa Tağıyeva - rəhbər, pedaqoq, tərbiyəçi, vətənpərvər ziyalı…
Məktəb üç kollektivin - müəllim, şagird və valideyn kollektivlərinin vəhdətindən ibarətdir. Bu kollektivlər ümumi məqsəd uğrunda səylərini birləşdirərək yüksək nəticələr əldə etdikdə inamla yaradıcı vahid kollektivin formalaşdığını təsbit etmək olar. Məktəb elə bir müəssisədir ki, orada formalaşan iş mühiti və üslubu, ilk növbədə, məktəb direktorunun şəxsiyyətindən çox asılıdır.
Xalqımız, dövlətimiz məktəbin qarşısında çox mühüm, məsuliyyətli vəzifələr qoymuşdur. Heç vaxt məktəb həyatının ritmi indiki kimi dolğun, məzmunlu və gərgin olmamışdır.
Bugünkü məktəbdə tədris olunan elmlərin əsaslarının məzmunu və metodlarının intensiv şəkildə yeniləşdirilməsi prosesi gedir, təlim-tərbiyə işi dərinləşir və çoxcəhətli olur, məktəbin sosial funksiyaları genişlənir. Bu vəzifələrin uğurla həyata keçirilməsi məqsədə istiqamətləndirilmiş, yüksək səviyyədə təşkilatlanmış və səfərbər edilmiş pedaqoji kollektivə müyəssər ola bilər. Yaxşı təlim və tərbiyə edə bilən kollektivin formalaşdırılması, ilk növbədə direktorun işidir.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.
Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.
Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir.
Vəfa Tağıyeva
Ağstafa şəhər 2 saylı tam orta məktəbinin direktoru
Baş redaktordan: Direktor kimdir? Məktəb direktoru kimdir?
"Direktor - müəssisənin, təşkilatın əsas rəhbəri" kimi şərh edilir.
Məktəb direktoru - natamam orta və ya orta məktəbin rəhbəri, məktəbdə təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır.
"Məktəb direktoru - bu məsul vəzifə bir çox ixtisası özündə birləşdirir. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı və uşaq kollektivləri tərbiyəçisini bir şəxsdə birləşdirməlidir. Burada elmi idarəetməyə nəinki hərtərəfli, mükəmməl yiyələnmək, həm də həqiqi fədakarlıq, seçdiyi işə son dərəcə sədaqətli olmaq tələb edilir".
Bu sözləri yazmaqda məqsədim vardır, bəli düz bildiniz bu günkü söhbət açacağım insan, gözəl xanım, peşəkar rəhbər, vətənpərvər ziyalı, hər zaman elin-obasının təəssübünü çəkən, Azərbaycanımıza savadlı kadrlar yetişdirən Ağstafa şəhər 2 saylı tam orta məktəbinin direktoru Vəfa Tağıyevadır. Vəfa xanım məktəbi, təhsil ocağını özünə müqəddəs məkan sayaraq, burada təhsil alan şagirdlərin təlim-tərbiyəsi və savadlı olmasını həmişə öndə tutmuşdur.
Vəfa Tağıyeva məktəbin inkişaf proqramını, perspektiv və cari planlarını hazırlayır; pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır; daxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir; həyata keçirilməsinin optimal həlli yollarını tapır; dövlət və ictimai orqanlarda məktəbin marağını təmsil edir; pedaqoji kollektivin təlim-tərbiyə işinin səmərəliliyinə nail olmaq üçün fəaliyyət göstərir.
Vəfa xanım şagirdlərin peşə yönümü üzrə işlərini təşkilində də birbaşa iştirak edərək, gələcəkdə ailəsinə, xalqına, dövlətinə layiqli peşə sahibi olsunlar deyə onlara əmək sərf edir.
Vəfa Tağıyeva vaxtında, ardıcıl, sistemli, davamlı və keyfiyyətlə həyata keçirdiyi elmi-nəzəri biliyə, geniş eridusiyaya, həyati və pedaqoji təcrübəyə, yüksək mənəvi keyfiyyətlərə malikdir. O, şagirdləri sevir və onlara qayğı ilə yanaşır. Bir pedaqoq kimi peşəsinin ustası, ixtisasının sahibi, lider-müəllim, pedaqoji kollektivdə olan nüfuzlu müəllimlərə hörmətlə yanaşır, onlara bir əngəl, maneə kimi baxmır, onlarla əməkdaşlıq edir. Vəfa xanımda vicdanlılıq, obyektivlik, məsuliyyətlik, alicənablıq xüsusiyyətləri xasdır, paxıllıq və kinlilikdən uzaq bir insandır. Mən deyərdim ki, Vəfa Tağıyeva məsləhətçi, mehriban tərbiyəçi, təmkinlə, səbrlə uşaqları da, böyükləri də dinləməyi bacarır. İlk növbədə, özünə, sonra isə digərlərinə qarşı tələbkardır, belə deyirəm ki, incə psixoloqdur, lazım gəldikdə o özünü müəllimin də, şagirdin də, valideynin də yerinə qoymağı bacaran əsl rəhbərdir.
Məktəb işinin məzmununu dərindən bilmədən, müasir şəraitdə cəmiyyətdə və təhsildə baş verən gerçəkliklərin mahiyyətini dərk etmədən məktəbi idarə etmək mümkün deyildir. Dövlət məktəb rəhbərlərindən idarəçilikdə demokratik prinsiplərə istinad etməyi, məktəbin qarşısında duran məsələlərin həllinə yaradıcı yanaşmağı, bütün işçilərdən işgüzarlığı, intizamlılığı, operativliyi, təşkilatçılığı, şəxsi məsuliyyət hissinin aşılanmasını israrla tələb edir, məhz Vəfa Tağıyevada bu cür direktorlardandır.
Ağstafa şəhər 2 saylı tam orta məktəbinin direktoru Vəfa Tağıyeva öz ixtisasının elmi-nəzəri və praktik əsaslarını dərindən bilən, peşəsinin ustası olan bir mütəxəssis - pedaqoqdur. Onun qəbul etdiyi qərarların ədalətliliyi, sözü ilə əməlinin vəhdəti işçilərə də, şagirdlərə də, valideynlərə də tərbiyəvi təsir göstərir. İdarəetmə, ilk növbədə, insanların idarə olunması ilə bağlı olduğundan onlara əmrin gücü ilə deyil, inandırmanın gücü ilə təsir etdikdə idarəetmə tərbiyəvi təsir göstərir. Ona görə də məktəb rəhbərləri qəbul edilən qərarların, verilən əmrlərin, sərəncamların, göstərişlərin, görülən tədbirlərin tərbiyəvi nəticələrini həmişə nəzərdə saxlamalıdır. Ona görə də Vəfa müəlliməni hamı sevir, istər müəllim, istər şagird, istərsə də valideynlər. Vəfa müəllimənin nüfuzu günü-gündən artır. Bu da onu göstərir ki, Ağstafa şəhər 2 saylı tam orta məktəbdə elə səliqə-səhman yaradılıb ki, burada nöqsan aşkar etmək mümkün deyil.
Xüsusi ilə vurğulamaq istəyirəm ki, Ağstafa şəhər 2 saylı tam orta məktəbinin direktoru Vəfa Tağıyeva xalqına, dövlətinə, millətinə sadiq ziyalılarımızdandır. Gənclərimizin vətənpərvər ruhda böyüməsində müəllimin, müəssisə rəhbərinin birbaşa rolu vardır. İkinci Qarabağ müharibəsində də qəhrəman oğullarımız torpaqlarımızı düşmən əsarətindən azad etməsində, hətta canlarından, qanlarından belə keçdilər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan 44 günlük haqq savaşında da Vəfa Tağıyeva xalqımıza, dövlətimizə dəstək oldu. Məktəbdə keçirilən xüsusi əhəmiyyətli dövlət və şəhidlərimizin əziz xatirəsinə həsr olunan tədbirlərin təşkil olunmasını özünə mənəvi borc sayır. Vəfa müəllimədən yazdıqca yazmaq olar. Yazımı bir sözlə yekunlaşdırmaq istəyirəm: “rəhbər, pedaqoq, tərbiyəçi, vətənpərvər ziyalı…”
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
ŞƏRƏFLİ PEŞƏ SAHİBİ
Gündəm, Cəmiyyət, ÖlkəDaha bir məktəbdə RÜŞVƏT qalmaqalı – İDDİA
Gündəm, Cəmiyyət, Ölkəİşini vicdanla yerinə yetirən Bərxudar Bərxudarov haqqında yazılanlar böhta ...
Gündəm, Cəmiyyət, Ölkə, BölgəƏhməd Quliyev: "Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əs ...
CəmiyyətTəhsil Nazirliyindən HİCABLI şagird və müəllimlərlə bağlı — AÇIQLAMA
Cəmiyyət