Gündəm, Cəmiyyət, Ölkə
22 iyul 2025
194

“Azərgold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov: "Milli Mətbuat – Xalqın Səsi, Dövlətin Güzgüsü"

“Azərgold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov: "Milli Mətbuat – Xalqın Səsi, Dövlətin Güzgüsü"
Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi qeyd olunur. Bu əlamətdar tarix münasibətilə “Azərgold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizin bütün media nümayəndələrini ürəkdən təbrik etmiş, onlara bu şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulamışdır.
Zakir İbrahimov çıxışında bildirib ki, Azərbaycanın milli mətbuatının əsasını 1875-ci ildə görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti qoymuşdur. Bu qəzet Azərbaycan xalqının milli oyanışında, milli düşüncə və ictimai fikir tarixində mühüm rol oynamışdır. Həmin gündən başlayaraq milli mətbuatımız bir çox çətin sınaqlardan keçmiş, lakin daim inkişaf etmiş və xalqla dövlət arasında körpü rolunu oynamağa davam etmişdir.
Zakir İbrahimov qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövlətinin mətbuatı cəmiyyətin informasiya təminatında, ictimai rəyin formalaşmasında, milli-mənəvi dəyərlərin təbliğində, eləcə də dövlət siyasətinin ictimaiyyətə çatdırılmasında mühüm və əvəzsiz rola malikdir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın media orqanları həm ölkə daxilində, həm də beynəlxalq aləmdə informasiya cəbhəsində böyük mübarizə apararaq tarixi həqiqətləri dünyaya çatdırmış, haqq səsimizi ucalda bilmişdir. Bu, milli mətbuatın Vətənə və dövlətçiliyə sədaqətinin bariz nümunəsidir.
“Azərgold” QSC olaraq biz də informasiya şəffaflığını, ictimaiyyətlə açıq və səmimi əlaqələri daim ön planda tuturuq. Media ilə əməkdaşlıq bizim üçün təkcə korporativ məsuliyyət deyil, həm də cəmiyyətə və dövlətə xidmətin bir parçasıdır. Cəmiyyətimiz tərəfindən həyata keçirilən layihələrin, uğurların və məqsədlərin ictimaiyyətə çatdırılmasında media ilə əməkdaşlığımız davamlı və şəffaf prinsiplərə əsaslanır. Bu mənada jurnalistlər bizim informasiya tərəfdaşlarımızdır.
Zakir İbrahimov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda mətbuatın inkişafı üçün mühüm addımlar atılıb, jurnalistlərin sosial rifahı yüksəldilib, informasiya sahəsində müasir texnologiyaların tətbiqi genişləndirilib. Eyni zamanda medianın peşəkarlığının artırılması, informasiya təhlükəsizliyinin təmin olunması, həmçinin söz və ifadə azadlığının qorunması istiqamətində də ciddi işlər görülüb.
Təbrikində Zakir İbrahimov media işçilərinə müraciətlə bildirib:
"Əziz media nümayəndələri! Siz yalnız informasiya ötürən deyilsiniz, siz həm də milli təfəkkürün daşıyıcısı, ictimai rəyin formalaşdırıcısı, tariximizin salnaməsini yazan mübariz söz əsgərlərisiniz. Sizin obyektiv və vicdanlı fəaliyyətiniz cəmiyyətin maariflənməsində, dövlətlə vətəndaş arasında sağlam kommunikasiyanın qurulmasında müstəsna rol oynayır. Sizin qələm gücünüz, söz məsuliyyətiniz, informasiya cəbhəsindəki mübarizəniz hər zaman yüksək qiymətə layiqdir."
Milli Mətbuatın 150 illiyi, sadəcə jurnalistlərin deyil, bütövlükdə Azərbaycan xalqının bayramıdır. Çünki mətbuat xalqın aynasıdır – onun sevinci də, kədəri də, uğuru da, mübarizəsi də bu aynada əks olunur. Bu gün Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin əksəriyyəti cəmiyyətin inkişafı, haqqın və ədalətin təbliği naminə çalışır, mətbuatın ali dəyərlərinə sadiq qalırlar. Təbii ki, mətbuatın məsuliyyəti də böyükdür – informasiya cəmiyyətində dəqiqlik, qərəzsizlik, peşəkarlıq və etik dəyərlərə sadiqlik ən vacib meyarlardandır.
“Azərgold” Qapalı Səhmdar Cəmiyyəti olaraq hesab edirik ki, sağlam və müstəqil mətbuatın olması ölkənin sosial-iqtisadi inkişafında, ictimai institutların fəaliyyətinin monitorinqində və şəffaflığın təmin edilməsində mühüm faktordur. Media cəmiyyətin səsinin eşidildiyi, ictimai rəyin nəzərə alındığı bir platformadır və bu səbəbdən onun güclü və məsuliyyətli olması vacibdir.
Zakir İbrahimov bütün media nümayəndələrini peşə bayramları münasibətilə bir daha təbrik edərək, onların çətin, lakin şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. O, bildirib ki, Azərbaycan mətbuatı qarşıdakı illərdə də dövlətçilik maraqlarına, xalqın milli mənafelərinə xidmət etməyə davam edəcəkdir.


Dilşad Əhmədova
Baş redaktor