Gündəm, Ölkə
29 oktyabr 2025
96

“Aral Group” şirkətinin Yönetim Kurulu Başkanı Ahmet Çetin - 29 Oktyabr Türkiyədə Cümhuriyyət bayramıdır. Azərbaycan-Türkiyə dostluğu daimidir, əbədidir.

“Aral Group” şirkətinin Yönetim Kurulu Başkanı Ahmet Çetin - 29 Oktyabr Türkiyədə Cümhuriyyət bayramıdır. Azərbaycan-Türkiyə dostluğu daimidir, əbədidir.
29 Oktyabr — Türkiyə tarixinin ən şanlı və qürurverici günlərindən biridir. Bu gün Cümhuriyyətin elan olunduğu, xalq iradəsinin dövlət idarəçiliyində əsas söz sahibi olduğu, Türkiyənin müasir, demokratik və qüdrətli dövlət kimi yeni mərhələyə qədəm qoyduğu gündür. 1923-cü il 29 oktyabrda Ulu Öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə elan olunan Cümhuriyyət bu gün təkcə Türkiyə xalqı üçün deyil, bütün Türk dünyası üçün qürur və ilham mənbəyidir.
“Aral Group” şirkətinin Yönetim Kurulu Başkanı, dərin dövlətçilik düşüncəsinə malik, Vətənə və millətə sevgi ilə dolu bir şəxsiyyət olan Ahmet Çetin bu əlamətdar gün münasibətilə səmimi təbriklərini ifadə edərək bildirib: “29 Oktyabr — Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə bütün qardaş Türkiyə xalqını, dünyanın dörd bir yanına səpələnmiş bütün Türk soydaşlarımızı təbrik edirəm. Bu gün təkcə Türkiyənin deyil, bütün Türk dünyasının bayramıdır. Çünki Cümhuriyyət ideyası azadlıq, müstəqillik və milli iradənin təntənəsidir. Azərbaycan-Türkiyə dostluğu isə bu ideyaların ən parlaq təcəssümüdür. Biz bir millət, iki dövlətik. Bizim dostluğumuz daimidir, əbədidir.”
Ahmet Çetinin bu fikirləri, əslində, tarixən formalaşmış və sınaqlardan çıxmış Azərbaycan-Türkiyə qardaşlığının mahiyyətini ifadə edir. Bu qardaşlıq təkcə siyasi münasibətlərdə deyil, həm də mədəni, mənəvi, iqtisadi və sosial sahələrdə özünü göstərir. Türk birliyi ideyasını yaşadan bu münasibət, hər iki xalqın ortaq köklərindən, ortaq tarixindən, dil və din birliyindən qaynaqlanır.
Ahmet Çetin kimi iş dünyasının tanınmış simalarının bu qardaşlığa sadiqliyi, əslində, dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə töhfə verir. O, uzun illərdir Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayan layihələrə dəstək verir, bu iki ölkə arasında körpü rolunu oynayır. “Aral Group”un fəaliyyəti yalnız biznes çərçivəsində məhdudlaşmır, eyni zamanda milli və mənəvi dəyərlərin qorunmasına, qardaşlıq ruhunun yaşadılmasına xidmət edir.
Ahmet Çetin Cümhuriyyət Bayramı münasibətilə qeyd edir ki, Türkiyə bu gün regionun və dünyanın söz sahibi olan ölkələrindən biridir: “Cümhuriyyətin 102 illiyi münasibətilə Türkiyə dövlətini və xalqını ürəkdən təbrik edirəm. Mustafa Kamal Atatürkün və onun silahdaşlarının əsası qoyduğu bu dövlətçilik irsi bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə daha da möhkəmlənib. Türkiyə artıq dünyada güc mərkəzi kimi tanınır. Qardaş Azərbaycanla birlikdə Türk dünyasının birliyi, gücü və rifahı üçün çalışmaq bizim şərəf borcumuzdur.”
Əslində, Cümhuriyyət Bayramı təkcə keçmişin qüruru deyil, həm də gələcəyə inamın təntənəsidir. Ahmet Çetinin fikrincə, bu bayram həm də birlik, bərabərlik və milli həmrəyliyin rəmzidir. O, vurğulayır ki, Türkiyə və Azərbaycanın son illərdə birgə keçdiyi yol bu həmrəyliyin ən parlaq sübutudur. 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi və diplomatik dəstəyi Azərbaycanın Zəfərinə böyük güc qatdı. Bu, qardaşlığın, birliyin və Cümhuriyyətin gətirdiyi milli ruhun təzahürü idi.
Ahmet Çetin çıxışında həm də Türk gəncliyinə müraciət edərək bildirir: “Cümhuriyyət bizə azad düşünmək, öz taleyimizi öz əlimizlə yazmaq imkanı verdi. Biz bu azadlığı qorumaq, onu gələcək nəsillərə ötürmək məsuliyyətindəyik. Türk gəncliyi elmə, təhsilə, texnologiyaya üstünlük verməli, Atatürkün ‘İstikbal göklerdedir’ kəlamını həyat fəlsəfəsinə çevirməlidir.”
Bu sözlər iş dünyasının təcrübəli rəhbərinin dövlətə, xalqa və gələcəyə olan dərin məsuliyyət hissini göstərir. Ahmet Çetinin rəhbərlik etdiyi “Aral Group” şirkəti məhz bu prinsiplərlə fəaliyyət göstərir — işində dürüstlük, xalqına xidmət, dövlətinə sədaqət, vətən sevgisi və milli dəyərlərə sadiqlik.
O, qeyd edir ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər təkcə siyasətçilərin və dövlət adamlarının işi deyil, hər bir vətəndaşın, hər bir sahibkarın, hər bir ziyalının da məsuliyyətidir. Bu münasibətləri yaşatmaq, möhkəmləndirmək hər bir Türkün borcudur.
Cümhuriyyət Bayramı münasibətilə Ahmet Çetinin söylədiyi bu fikirlər bir daha sübut edir ki, Türk dünyasının birliyi ideyası artıq təkcə romantik arzudan ibarət deyil, real, möhkəm və gələcəyə yönəlik bir hədəfdir.
Sonda Ahmet Çetin öz təbrikini bu sözlərlə tamamlayıb: “Bu gün Cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürk başda olmaqla, bütün şəhidlərimizi dərin hörmətlə yad edirəm. Onların qoyduğu irs bizim yol xəritəmizdir. Qoy, Cümhuriyyətimiz daim yaşasın! Qoy, Türkiyəmiz güclü, müstəqil və əbədi olsun! Azərbaycan-Türkiyə dostluğu isə sarsılmaz qardaşlıq nümunəsi kimi tarixdə əbədi yaşasın!”
Bu səmimi və qürurlu sözlər təkcə bir iş adamının təbriki deyil, həm də Türk dünyasının birliyinə, azadlığına və gələcəyinə olan inamın ifadəsidir. 29 Oktyabr — Cümhuriyyət Bayramı münasibətilə Ahmet Çetinin səsi, bütün Türk dünyasının ürək döyüntüsü kimi səslənir: “Yaşasın Cümhuriyyət! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”

Dilşad Əhmədova
Baş redaktor