Gündəm, Siyasət
23 sentyabr 2020
974

Prezident: “Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq”

Prezident: “Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq”


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.
Prezident İlham Əliyevin Balaxanı qəsəbəsinin sakinləri ilə söhbətindən növbəti fikirləri təqdim edirik:

“Bu, işlərin birinci mərhələsidir. Ancaq hələ görüləsi işlər çoxdur və bunları da biz tədricən edəcəyik. Bir daha demək istəyirəm ki, əsas məqsəd Balaxanıda – ölkəmizin qədim yaşayış məskənində insanlar rahat, daha yaxşı yaşasınlar, işlə təmin olunsunlar, ekoloji vəziyyət yaxşı olsun, hava təmiz olsun, su təmiz olsun. Əlbəttə ki, tarixi abidələrin bərpası və aşkarlanması da məqsədlərdən biri idi. Bu gün mənə göstərilən tarixi abidələrin bəziləri yerin altında idi, o cümlədən qum hamamı, digər abidələr - XIV əsrdə, sovet vaxtında tikilmiş abidələr, onlar da bizim milli sərvətimizdir. Bu abidələr bir daha onu göstərir ki, bu kəndin çox qədim tarixi, qədim mədəniyyəti var, çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər”.

“Əlbəttə ki, qəsəbənin gələcək inkişafı ilə bağlı fikirlər var. Artıq həm Bakı sakinləri, həm digər şəhərlərdən insanlar buraya gəlirlər, istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər. Mənə verilən məlumata görə, xarici mətbuatda Balaxanı ilə bağlı məlumat dərc edilir, Avropada, Rusiyada maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha böyük olacaq. Bu da qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq. Çünki yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı olan məsələlərdə fəal olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər”.

“İndi bir çox inkişaf etmiş ölkələrin şəhərlərində, kiçik qəsəbələrdə, tarixi yerlərdə yerli sakinlər turizm işlərinə qoşulurlar, həm pul qazanırlar, həm öz tarixi, mədəniyyəti haqqında məlumat verirlər, eyni zamanda, turistlər üçün də gözəl şərait yaradırlar. Ona görə bu, artıq insanların özlərindən asılı olacaq. Dövlət də lazımi kömək göstərəcək. Burada ictimai iaşə obyektləri, kafelər, çayxanalar, turistləri cəlb edə biləcək digər obyektlər zövqlə yaradılsın ki, həyat burada fəal olsun və insanlar daha yaxşı yaşasınlar və xaricdən gələn qonaqlar bu gözəlliyi görə bilsinlər”.

“Mən bunu demişəm, siz də yaxşı bilirsiniz ki, Balaxanının çox böyük tarixi var. Ancaq bu tarix bir növ kənarda qalmışdı. Çünki burada həm ekoloji vəziyyətin pis olması, yolların bərbad vəziyyətdə olması və digər problemlər imkan vermirdi ki, hətta Azərbaycan vətəndaşları da Balaxanı haqqında dolğun məlumata malik olsun. İndi isə Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır. Ona görə biz Mehriban xanımla gəlmişik. Mən demişdim ki, özüm gəlib baş çəkəcəyəm, görülən işlərlə tanış olacağam. İşlərin böyük hissəsi artıq görülüb, görüləcək işlər Balaxanının inkişafına daha da böyük təkan verəcəkdir”.
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli