Hadisə
02 sentyabr 2020
294

Sükan arxasında foto çəkdirən məktəb direktoru barəsində cinayət işi başlandı

Sükan arxasında foto çəkdirən məktəb direktoru barəsində cinayət işi başlandı


Avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə foto paylaşan Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayev barəsində cinayət işi başlanılıb.
"Report”un xəbərinə görə, 23 yanvar 2019-cu il tarixdə Saatlı rayon Prokurorluğunun təqdimatı əsasında maliyyə müfəttişlərinin məktəbdə apardığı təftiş yoxlaması nəticəsində toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Prokurorluğun təqdimatı ilə Təhsil Nazirliyi E.Rzayevi məktəb direktoru vəzifəsindən azad edib və müəllimlik fəaliyyətinə xitam verib. Onun cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılıb və 5 000 manat cərimə olunub. 8 aydan sonra Nərimanov Rayon Məhkəməsi E.Rzayevin barəsində işə bərpa barədə qərar çıxarıb.
Qərardan narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib. Apelyasiya protesti Şirvan Apelyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərovun icraatına verilib və sentyabrın 7-də məhkəmə iclası keçiriləcək.

Qeyd edək ki, E.Rzayev məzuniyyət vaxtı "BakuBus” MMC-yə məxsus avtobusun sükanı arxasında foto çəkdirib sosial şəbəkədə paylaşaraq sürücü işləməsi təəssüratı yaradıb. Bu da sosial şəbəkələrdə "məktəb direktoru sürücü işləyir" xəbərinin yayılmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyi isə məlumat yayaraq həmin şəxsin "BakuBus” MMC-də işləmədiyini və bunu paylaşım xatirinə etdiyini bildirmişdi.

Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, "Müəllimlərin etik davranış Qaydaları"nı pozduğuna görə Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru E.Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.