Hadisə
19 fevral 2021
356

İki dəfə tutulsa da, üçüncü cəhddə minalı əraziyə keçib - NAZİRLİKDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ

İki dəfə tutulsa da, üçüncü cəhddə minalı əraziyə keçib - NAZİRLİKDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ


Daxili İşlər Nazirliyi (DİN) Tərtər rayonunda vətəndaşın minaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.
DİN-dən daxil olan məlumatda deyilir:

"Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəsüflər olsun ki, bəzi şəxslərin nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.

Dünən Tərtər rayon sakini Bəxtiyar Mahmudov dumanlı hava şəraitindən istifadə edərək idarə etdiyi “Niva” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd etmiş və bu zaman düşdüyü minanın partlaması nəticəsində ölmüşdür.

Qeyd edək ki, cari ilin yanvar və fevral ayları ərzində mərhum Bəxtiyar Mahmudov və qardaşı Şəhriyar iki dəfə işğaldan azad olunmuş ərazilərə keçdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar. Hər iki halda onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati cəza tədbirləri görülüb. Belə ki, məhkəmənin qərarı ilə Şəhriyar inzibati qaydada həbs olunub, mərhum Bəxtiyar isə cərimə edilib. Üçüncü dəfə, yəni fevralın 18-də Bəxtiyar Mahmudovun işğldan azad olunmuş əraziyə keçməyə cəhd göstərməsi özünün faciəsi ilə nəticələnib.

Odur ki vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq".