İdman
08 avqust 2020
1098

İspaniya və İtaliya çempionları mübarizəni dayandırdı

İspaniya və İtaliya çempionları mübarizəni dayandırdı


UEFA Çempionlar Liqasında mövsümün koronavirus pandemiyası səbəbindən yarımçıq qalmış hissəsi bərpa olunub.
1/8 final mərhələsinin növbəti cavab görüşlərində "Mançester Siti" İngiltərədə İspaniya çempionu "Real Madrid"i, İtaliya çempionu "Yuventus" isə Fransa "Lion"unu qəbul edib. Hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

"Mançester Siti"dən ilk qolu 9-cu dəqiqədə Rəhim Sterlinq vurub. 28-ci dəqiqədə Kərim Benzema hesabı bərabərləşdirib. Lakin 68-ci dəqiqədə Qabriel Jezus "şəhərlilər"i yenidən önə çıxarıb. Beləliklə, "Mançester Siti" ilk görüşdə olduğu kimi, yenə 2:1 hesablı qələbə qazanıb.

"Yuventus" isə hələ 12-ci dəqiqədə qapısında qol görüb. Memfis Depay dəqiq penalti zərbəsi ilə hesabı açıb. Turin komandası Kriştianu Ronaldunun 43-cü dəqiqədə penalti ilə və 60-cı dəqiqədə vurduğu qollarla nəticəni öz xeyrinə dəyişə bilib. Lakin 2:1 hesablı qələbə "Qoca Sinyora"ya kömək etməyib. "Şirlər" ilk matçda öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri üçün səfər qolu sayəsində mərhələ adlayıblar.

1/4 finalda "Mançester Siti" "Lion"a rəqib olub. Daha əvvəl Almaniya "Leyptsiq"inin İspaniya "Atletiko"su ilə, İtaliya "Atalanta"sının isə Fransa PSJ-si ilə üz-üzə gələcəyi məlum idi.

Qeyd edək ki, 1/8 final mərhələsinə avqustun 8-də "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) və "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) matçları ilə yekun vurulacaq.report
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli