İqtisadiyyat
28 avqust 2020
326

Bakıya 1 milyonluq avtobuslar gətirilir? — Tunellərdən keçəcək və...

Bakıya 1 milyonluq avtobuslar gətirilir? — Tunellərdən keçəcək və...


Son illərdə elektrik mühərrikli avtomobil bazarına təqdim etdiyi modelləri ilə ön plana çıxan “Tesla” şirkəti 12 nəfərlik elektrik mikroavtobusu üzərində işləyir.
Elektrikli mikroavtobuslar tıxac problemini tunellərin köməyilə həll etməyi hədəfləyir. 12 sərnişin və geniş yük yerinə sahib olan elektrik mikroavtobusu tunellərin içərisində saatda 200 kilometr sürətlə hərəkət edə biləcək.

Bu avtobusların Azərbaycana gətirilməsi haqqında da bir sıra müzakirələr gedir.

Maraqlıdır, elektrikli avtobuslar Bakıdakı nəqliyyat mühitində nə dərəcədə işlək ola biləcək? Bu avtobusların marşurut sisteminə təsiri necə olacaq?

Nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki,elektrik mühərrikli avtobuslar kifayət qədər baha başa gəlir:
“Bu prossesə 1 ildən çoxdur ki, başlanılıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) bununla bağlı bir sıra təklifləri də oldu. Bu gün gətirilən müasir tipli, qazla işləyən avtobusların qiyməti yarım milyon manatdır. Elektrik tipli avtobuslar isə ondan da bahadır. Bu avtobusların 700-800 min, hətta bəzən 1 milyon manat dəyəri var. Qeyd edim ki, onların saxlanılması və texniki qulluğu da bir ayrı problemdir. Bu gün isə sahibkarların elə bir gücü, qüvvəsi yoxdur ki, 1 milyon manata elektrik mühərrikli avtobus alıb gətirsin. Bakıda istismar olunan 2400 avtobusun gələcəkdə yenilənib elektriki mühhəriki ilə təmin edilməsi bir az zaman alacaq”.

Ekspert bildirib ki, Baş nazir Novruz Məmmədovun dövründə qəbul edilən 71 saylı qərara uyğun olaraq, 2022-ci ildən sonra Azərbaycana dizel mühərrikli avtobusların gətirilməsi məhdudlaşdırılacaq:

“Bunu nəzərə alaraq deyirəm ki, bu prossesə 2022-ci ildən sonra start veriləcək. Prossesin isə nə vaxt tam başa çatacağı məlum deyil. Çünki hazırda BNA-nın tabeliyində olan "BakuBus" MMC-nin avtobuslarının əksəriyyəti dizel mühərriklidir. Lakin buna ötən il gətirilən 320 avtobus aid deyil, çünki onlar qazla işləyir. Elektrik mühərrikli avtobusların ölkəmizə gətirilməsi məsələsi gec-tez öz həllini tapacaq. Çünki avtobuslar hər gün istismar olunur və onların atmosferə buraxdığı zəhərli qazların miqdarı da çoxdur.

Bu qədər maliyyə itkiləri olacaqsa, məsələ uzun müddətə həll olunacaqsa, təklif edirəm ki, Azərbaycan özü elektrik mühərrikli avtobus istehsal etsin. Belə olduğu halda, Azərbaycan özü də gələcəkdə ixracatçı rolunda çıxış edə, istehsal etdiyi avtobusları başqa ölkələrə sata bilər. Beləliklə sahibkarlar da, çox xərcə düşməz. Həmçinin onları müəyyən kredit şərtləri ilə öz sahibkarların da verə bilər. Bu sahədə xeyli işlər görmək olar”, – deyə E.Muradlı bildirib.