İqtisadiyyat
22 sentyabr 2020
269
“Alınan mallar geri qaytarılmır” lövhəsi asan sahibkarlara SƏRT XƏBƏRDARLIQ: 900 manat cərimələnəcəklər
“Alınan mallar geri qaytarılmır” yazan sahibkarlar 900 manatadək cərimələnəcək.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumatda qeyd edilib.
Bildirilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, istehlakçı aldığı malda zəmanət müddəti ərzində qüsur, saxtalaşdırma aşkar edərsə, satıcıdan aşağıdakılardan birini tələb edə bilər:
- lazımi keyfiyyətli mala dəyişdirməyi;
- satış qiymətini uyğun məbləğdə azaltmağı;
- malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
- malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
- müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
Satıcı istehlakçının sadalanan tələblərindən birini yerinə yetirməyə borcludur.
Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə, həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Satılan mal barədə yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, bu zaman onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.
Lazımi keyfiyyətli qeyri-ərzaq malı (qanunvericiliklə qaytarılması və dəyişdirilməsi qadağan olunan mallar - qızıl və qızıl məmulatları, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları və s. istisna olmaqla) öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçı həmin malı alınma günü sayılmamaq şərtilə, 14 gün ərzində digər lazımi keyfiyyətli uyğun mala dəyişdirmək hüququna malikdir.
Bu zaman mal əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı alındığı kimi saxlanılmaqla, həmçinin, kassa çeki və ya mal alınan zaman verilən digər sənədlərlə birlikdə təqdim olunmalıdır.
Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.
Dövlət Xidməti mağaza sahiblərini qanunvericiliyin tələblərinə əməl etməyə, istehlakçıların qanunvericiliklə qorunan hüquqlarını pozmamağa çağırır.
Belə hallar müəyyən ediləcəyi təqdirdə, onlara qarşı qanunvericiliyə uyğun olaraq ciddi məsuliyyət tədbirlərinin həyata keçiriləcəyini bildirir.
İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Daha çox xəbər: