İqtisadiyyat, Bölgə
25 dekabr 2020
1030

Şuşaya yüksəkgərginlikli elektrik xətti çəkilir - VİDEO

Şuşaya yüksəkgərginlikli elektrik xətti çəkilir - VİDEO


Şuşa şəhərinin Azərbaycanın ümumi enerjisisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik xətti çəkilir.

ASC-dən verilən məlumata görə, eyni zamanda işğaldan azad edilən ərazilərin böyük hissəsini mənbə olaraq elektrik enerjisi ilə təchiz edəcək Füzulidəki 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyası tam yenidən qurulmaqla yanaşı enerjiötürmə qabiliyyəti artırılır. Bunun üçün mənbəyi “İmişli” yarımstansiyasından “Şükürbəyli yarımstansiyasına 51 km məsafədə 110 kilovoltluq yüksəkgərginlikli əlavə xətt gətirilir. Həmçinin, yarımstansiyanın ümumi gücü 50 MVA-dan 80 MVA-ya qaldırılır. Yarımstansiya müasir rəqəmsal avadanlıqların quraşdırılması ilə məsafədən idarəolunması təmin ediləcək.

Ən əsası isə hazırda paralel olaraq Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir. Ümumi uzunluğu 75 kilometr təşkil edən “Füzul-Şuşa” hava xətti 2 dövrəli olacaq ki, bu da qəza baş verərsə fasilə yaranmaması üçün yükün bir xəttin üzərindən ikinci xəttin üzərinə keçirilməsinə imkan verəcək. Artıq hava xəttinin yüzə yaxın dayağı basdırılıb və 15 km məsafədə naqillər asılıb. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndinə keçən yüksəkgərginlikli hava xətti Şuşa şəhərindəki mövcud yarımstansiyaya daxil olacaq. Lakin bir müddət sonra hazırda Şuşada tikilməkdə olan 110/35/10 kilovoltluq yeni yarımstansiyada işlər başa çatan kimi xətt açılaraq ora montaj ediləcək. 110 kilovoltluq yeni xəttin çəkilişi ən çətin dağlıq, meşəlik relyefdə qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.

110 kilovoltluq “Füzuli-Şuşa” xətti yaxın müddətdə istismara veriləcək və bununla da uzun illərdən sonra Şuşada öz işığımız yanacaq.

Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli