İqtisadiyyat
19 dekabr 2020
1018
Rusiyaya kimlər pomidor ixrac edə biləcək?
Əsas istixana təsərrüfatları böyük zərərdən qaça bilməyəcəklər...
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) Azərbaycanın bəzi müəssisələrindən Rusiyaya pomidor idxalına icazə verib.
Xidmətin saytında yerləşdirilən məlumata görə, Xızı rayonunda qeydiyyatda olan "Aqroterm” MMC, "Geotermal” (Kürdəmir rayonu), Şükürov İlkin Mirzəxan (Masallı rayonu), "Gp Alfa greenhouse” MMC (Salyan rayonu), "Hajigabul greenhouse” MMC-yə (Hacıqabul rayonu) məhsulunu Rusiya bazarına çıxarmağa icazə verilib.
Qeyd edək ki, Rusiya dekabrın 10-dan Azərbaycandan pomidor və alma idxalını tam dayandırıb. Azərbaycandan ixrac olunan pomidorlarda Cənubi Amerika Güvəsi "Tuta absoluta (Povolny)” adlanan zərərverici aşkarlanıb.
Tərəflər arasında aparılan danışıqlar zamanı "Rosselxoznadzor” təklif edib ki, AQTA qısa zamanda iri istixana şirkətlərinin sahələrində real vaxt rejimində onlayn yoxlama aparsın. Bu yoxlamaların Rusiya mütəxəssisləri tərəfindən izlənməsinə şərait yaradılmalıdır. Azərbaycan tərəfi isə monitorinqlər başa çatanadək məhsullarında zərərverici aşkarlanmayan regionlardan Rusiyaya pomidor ixracına icazə verilməsi məsələsini qaldırıb.
"Rosselxoznadzor”un yaydığı məlumata görə, AQTA-nın təqdim etdiyi materiallar əsasında və qurumun birbaşa zəmanəti ilə 4 rayondan Rusiyaya pomidor idxalına icazə verilib. Ölkə üzrə pomidor istehsalına dair rəqəmlərə diqqət yetirsək görərik ki, Rusiyaya məhsul idxalına icazə verilən rayonlarda pomidor istehsalı çox kiçik həcmlərlə ifadə olunur.
Belə ki, idxala icazə alan müəssisələrdən biri Salyan rayonundadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-2019-cu illərdə Salyan rayonunda pomidor istehsalı 6 min 883 tondan 24 min 352 tona yüksəlib. Məhsulunu Rusiyada sata biləcək Kürdəmirdə isə istehsal 9 min 161 tondan 14 min 65 tona çatıb. Lakin eyni dövrdə Masallı rayonunda istehsal 21 min 800 tondan 14 min 265 tona, Hacıqabulda 8 min 198 tondan 1954 tona qədər azalıb. 2019-cu ildə Xızıda istehsal cəmi 730 ton olub. Bu rayonlar ənənəvi istixana rayonları hesab olunmur. Onlarda pomidor əsasən açıq sahədə yetişdirilib. Yalnız son 2 ildə istixana təsərrüfatları yaradılıb. Rusiyaya əsasən istixana məhsulunun ixrac olunduğunu nəzərə aldıqda, bu rayonlardakı istehsalın ən yaxşı halda 20 faizinin, təxminən 10-11 min tonunun qonşu ölkəyı çatdırıla biləcəyini görmək olur. Bu isə Azərbaycandan Rusiyaya illik 175 min tona çatan pomidor ixracının 10 faizi belə deyil.
Qeyd edək ki, ötən il ölkə üzrə cəmi pomidor istehsalı 697 min 817 ton olub. Bunun nə qədər hissəsinin örtülü təsərrüfatlarda istehsal olunduğu açıqlanmasa da, 2016-2019-cu illərdə istehsalın regional strukturunda baş verən dəyişiklikdən istixana istehsalının açıq sahələrdə istehsaldan dəfələrlə sürətli artdığını asanlıqlar görmək olur. Statistik məlumatlara əsasən ölkədə pomidor əkinlərinin sahəsi son illərdə ciddi şəkildə azalıb. 2015-ci ildə 25 min 743 hektar sahədə pomidor yetişdirilirdisə, ötən il bu, 19 min 767 hektara düşüb. Amma demək olar ki, yüz faiz istixana məhsulu yetişdirilən Bakıda sahələr bu müddətdə 140 hektardan 542 hektara, Abşeron rayonunda 154 hektardan 404 hektara qədər artıb. Şəmkir rayonunda pomidor sahələri 1897 hektardan 1748 hektara, Lənkəranda 2604 hektardan 1213 ha-ya, Biləsuvarda 1681 hektardan 807 hektara düşüb.
Sahələr azalsa da, istehsalda artım qeydə alınıb. Bu isə demək olar ki, bütünlüklə istixana məhsulunun hesabına baş verib. Ənənəvi pomidorçuluq rayonu olan Şəmkirdə istehsal 2016-cı ildə 46 min 583 tondan 2019-cu ildə 141 min 673 tona çatıb. Bakı şəhərində pomidor istehsalı 2016-cı ildəki 8 min 43 tondan 2017-ci ildə birdən birə 38 min 828 tona, 2019-cu ildə isə artıq 60 min 657 tona çatıb.
Abşeron rayonunda 2015-ci ildə 5 min 174 ton olan istehsal 2016-cı ildə 38 min 216 tona, 2019-cu ildə isə 80 min 807 tona yüksəlib. Göyçayda 2015-ci ildə 13 min 328 ton olan istehsal 2019-cu ildə 36 min 999 ton olub.
Əsasən açıq sahələrdə pomidor yetişdirilən Lənkəran şəhərində 2015-ci ildə 74 min 887 ton məhsul istehsal olunduğu halda ötən il bu göstərici 29 min 764 tona düşüb. Eyni dövrdə Xaçmazda pomidor istehsalı 75 min tondan 62 min 483 tona qədər azalıb.
Göründüyü kimi, son illərdə Azərbaycanda pomidor istehsalı əsasən istixana təsərrüfatlarının hesabına artıb və hazırda bu təsərrüfatlar böyük itkilərlə üzləşmək kimi real təhlükə qarşısındadır.
"Xəzər” İş Adamlarının İqtisadi Əlaqələrinə Kömək İctimai Birliyinin sədri, Şəmkir rayonunda aqrar sahədə iş quran Şahin Nəcəfovun dediyinə görə, hazırda bu rayonda 3 min hektar sahədə istixana var: "Şəmkir hələ Sovet dövründən istixana təsərrüfatının inkişafı ilə fərqlənib. İstixanalarda əsasən pomidor-xiyar yetişdirilir. Hər hektarda 7-8 nəfər işləyir. Bu qədər adamın iş yerindən, qazancdan məhrum olması bilirsinizmi nə deməkdir?
Son illərdə bizim üzləşdiyimiz ən böyük problem qaz, elektrik enerjisi təchizatı ilə bağlı olub. Xüsusilə qaz sayğaclarını istixanalara dəyərindən 10-15 dəfə yüksək qiymətə satırlar, bundan əlavə, fermerlərə müəyyən olunan satış qiyməti də yüksəkdir. Bununla bağlı narazılığını bildirən fermerlərin qaz təchizatını dayandırırlar. Sayğac qoyulması və digər bəzi məsələlər ASAN xidmətə veriləndən bəri problemlərin bir hissəsi azalıb. İndi də fermerlər ixrac qadağası ilə üzləşiblər. Təsəvvür edin ki, bütün il boyu fermerin öz məhsulunu satıb zəhmətinin əvəzini görmək imkanı Yeni il qabağı yaranır. Bu ərəfədə ixracın-satışın onca gün dayanması fermerin bütün qazancdan məhrum olması deməkdir. Çünki bu müddətdə bazar iştirakçıları başqa yerlərdən idxalı təmin edirlər, məhsul bazardakı yerini itirir. Satılmayan məhsul yollarda yığılıb-qalır. Yəni satışın 10 gün dayanması bütün zəhmətin zay olub getməsi deməkdir".
Birlik rəhbəri deyir ki, Azərbaycanın müvafiq qurumları bu kimi problemlərin yaranmaması üçün əvvəlcədən işlərini düzgün qurmalıdılar: "Xaricə buraxılan mala ciddi nəzarət olunmalıdır. İlk xəbərdarlıq gələn kimi bütün təsərrüfatlarda yoxlamalar aparılmalı, vəziyyət dəqiq öyrənilməli, təhlükəli məhsulun ixracına imkan verilməməli idi. İndən sonra monitorinq aparmaqla fermeri üzləşəcəyi zərərdən qurtarmaq demək olar ki, mümkün deyil”.
Onu da bildirək ki, Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi preparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Zərərverici məhsuldarlığa ciddi ziyan vurur, pomidorun içərisinə daxil olaraq onu sıradan çıxarır.
Avropada ona qarşı mübarizə əsasən digər canlılar vasitəsilə aparılır. Cənubi Amerika güvəsi ilə qidalanan bu canlılar xüsusi yetişdirilir və onlardan Azərbaycanda istifadə olunduğuna dair heç bir məlumata rast gəlinmir. Halbuki ölkəmizdə yetişdirilən pomidorlarda bu zərərvericinin olmasına dair Rusiyadan ilk məlumatlar 2017-2018-ci illərdən gəlməyə başlayıb. 2020-ci ildə də dəfələrlə Rusiyanın müxətlif ərazilərində Azərbaycan pomidorunda Cənubi Amerika güvəsinin aşkarlanmasına dair məlumatlar yayılıb.
Rusiyanın pomidorla bağlı qərarı Azərbaycana necə təsir edir?
Əldə etdiyimiz məlumata görə, AQTA iri istixanalarda monitorinqlərə başlayıb. Lakin bu prosesin ayın sonunadək yekunlaşması, məsələnin Rusiya tərəfi ilə müzakirəsi və əsas pomidor istehsalçılarından ixracın bərpa olunması real görünmür. Bu isə Azərbaycan şirkətlərinin, fərdi sahibkarların bu mövsümdə məhsulunu satmaq üçün əlverişli olan iki imkandan birini itirməsi deməkdir. Söhbət Yeni il ərəfəsində Rusiya bazarında yaranan satış imkanından gedir. Yeni il bayramının böyük təntənə ilə qeyd olunduğu Rusiyada bayram ərəfəsində və onunla bağlı davam edən 11 günlük tətillər müddətində pomidora tələbat qat-qat artır. Buna görə də bütün ölkələrdən olan satıcılar Yeni il ərəfəsində Rusiyaya maksimum çox məhsul çatdırmağa çalışırlar. Belə görünür ki, Azərbaycanın əsas pomidor ixracatçıları bu imkanı itirdilər...
Mənbə: Musavat.com
Daha çox xəbər:
SON DƏQİQƏ! Rusiya Azərbaycana qoyduğu qadağanı ləğv etdi
İqtisadiyyatAzərbaycanda pambıqçılıq tarixində ən yüksək göstəricilərdən biri qeydə alı ...
İqtisadiyyatAzərbaycanda ÜDM 3,8 faiz azalıb
İqtisadiyyatİşğaldan azad edilən Qubadlı hansı iqtisadi potensiala malikdir? - ŞƏRH
İqtisadiyyatAzərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
Gündəm, Ölkə