Kriminal, Ölkə
21 avqust 2024
106

Qayda Pozan və Sosial Şəbəkədə Təxribat Yayan Sürücü Saxlanıldı

Qayda Pozan və Sosial Şəbəkədə Təxribat Yayan Sürücü Saxlanıldı

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən normativ tələbləri pozaraq avtomobil avadanlıqlarını qanunsuz şəkildə dəyişdirən, ön dövlət qeydiyyat nişanını çıxaran, təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə edən və bu qanunsuz hərəkətləri sosial şəbəkədə təbliğ edən şəxs müəyyən edilərək saxlanılıb.

"Unikal"ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev bildirib ki, bu şəxs Şamaxı rayon sakini Sərxan Vüqar oğlu Məmmədovdur. O, 56-BF-644 dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi inzibati hüquq pozuntularına görə Müşfiq qəsəbəsində yerləşən stasionar postda saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Sərxan Məmmədov avtomobili etibarnaməsiz idarə edib və bu qanunsuz hərəkətləri sosial şəbəkədə yaymaq məqsədilə törədib. Sərxan Məmmədov etdiyi əməllərdən peşman olduğunu bildirib və barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri görülüb.

Mübariz Ağayev, sürücülərə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, sürücü mədəniyyətinin formalaşmasına töhfə verməyə və böyüyən gənc nəsil üçün yaxşı nümunə olmağa çağırış edib.