Kriminal
26 avqust 2021
1025
Bakıda qardaş qardaşı balta ilə öldürüb - Qətlin təfərrüatı
Bakıda qardaşını qətlə yetirməkdə təqsirli bilinən Tofiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Ölkə.Az" xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Rayonun Vahid Xəlilov küçəsi, ev 141 ünvanında Tofiq Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi vurub. Aldığı xəsarətlərdən Faiq Ağayev elə hadisə yerində ölüb. Cinayəti törətməkdə şübhəli bilinən Tofiq Ağayev hadisədən sonra Sabunçu Rayon Polis İdarəsinə gələrək könüllü təslim olub.
Təqsirləndirilən şəxs qismində dindirilən Tofiq Ağayev ifadəsində bildirib ki, ata yurdu olan evdə qardaşları Faiq və Fərhadla birlikdə yaşayıb: "Faiqin mənimlə həmişə ədavəti var idi. İçki içən idi Faiq. İçkili gəlirdi mənimlə qardaşım Fərhadla mübahisə eləyirdi. Bir neçə dəfə polisə də şikayət eləmişdim".
Tofiq Ağayevin sözlərinə görə hadisə baş verən günü Faiq həmişəki kimi yenə sərxoş vəziyyətdə onu və valideyinlərini söyüb. Saat 4 radələrində qardaşı Fərhad xəstə bacısını xəstəxanaya aparıb. Arvadı Afət isə qohumlarının evində olub.
Tofiq odun doğrayan zaman qardaşı Faiq içkili halda həyətə çıxıb asdığı əskiləri bəhanə edərək onları yığışdırmağı tələb edib. Onun hərəkətlərindən bezən Tofiq əlindəki balta ilə qardaşının üstünə hücum edib: "Fikirləşdim ki, əlimdəki baltanı görüb sakitləşər. Onu öldürmək fikrim yox idi. Əksinə başladı yenə söyüş söyməyə. Birinci balta ilə ayağından vurdum. Qaçıb evə girmək istədi. Sonra bir neçə dəfə başına və bədəninə zərbələr vurdum".
Zərbələrin təsirindən qardaşı hərəkətsiz vəziyyətdə qalıb. Tofiq Ağayev onun öldüyün görüb küçəyə çıxıb. Qonşusuna qardaşı Faiqi öldürdüyünü deyib və sahə müvəkkilinin yanına gedərək ona baş verən hadisəni danışıb.
Məhkəmə işin hallarının araşdıraraq hesab edib ki, Tofiq Ağayevin törətdiyi cinayət əməli CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.
Sonda məhkəmənin hökmü ilə 1955-ci il təvəllüdlü Tofiq Ağayev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tofiq Ağayev bundan əvvəl də 9 il məhkumluq həyatı yaşayıb.