Ölkə
10 iyun 2020
1106
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə — MÜRACİƏT
Bakının ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməyən uşaqların I sinfə qəbulu üçün onlayn müsahibələr davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması baxımından onlayn müsahibələr xüsusi əhəmiyyətə malikdir. Valideynlərə (qanuni nümayəndələrə) onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılsa da, təsadüfi deyil ki, valideynlər daha çox onlayn müsahibələrə üstünlük verirlər.
Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə uyğun olaraq onlayn müsahibələrin keçirilməsi valideynlərin və uşaqların rahatlığının təmin olunmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir. İlkin müşahidələr deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqların nisbət göstəricisi daha yüksəkdir.
Onlayn müsahibələrdə iştirak etməklə hər bir valideyn koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə dəstək verir, həm özlərinin, həm də övladlarının həyat və sağlamlığının daha etibarlı qorunmasını təmin etmiş olur.
Onlayn müsahibələr valideyn və uşaqlara psixoloji cəhətdən də müsbət təsir göstərir, uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı mərhələni daha rahat adlamağa zəmin yaradır. Həmçinin onlayn müsahibə hamı üçün əlçatandır, hər kəs istifadə etdiyi kompüter, mobil telefon və ya digər İKT vasitələri ilə onlayn müsahibəyə qoşula bilir. Bununla bağlı valideynlərin şəxsi kabinetlərində müvafiq təlimati məlumatlar da yerləşdirilib.
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün ənənəvi (canlı) müsahibənin keçirilmə vaxtı hələlik bəlli deyil. Odur ki, ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Bu baxımdan valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir.
Qeyd edək ki, son illər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırası kifayət qədər genişləndirilib və bu proses səmərəli şəkildə davam etdirilir. Onlayn müsahibələr də valideynləri elektron xidmətlərin fəal istifadəçisinə çevirir və elektron xidmətlərlə bağlı yaradılmış imkanlar mövcud şəraitdə ən optimal çıxış yollarından biri kimi özünü göstərir.
Daha çox xəbər:
“Tək günlərdə dərslərə 1, 3, 5, 7, 9, 11-ci sinif, cüt günlərdə isə 2, 4, 6 ...
CəmiyyətAzərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? — Təhsil Nazirliyi AÇIQLAD ...
CəmiyyətTƏBİB əhaliyə müraciət etdi: “Ehtiyac olmadıqca...”
Ölkə“Alış-verişlərinizi onlayn edin” - TƏBİB
CəmiyyətAzərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı — RƏSMİ
Cəmiyyət