Ölkə
19 avqust 2020
302

Azərbaycanda ikinci dalğa başlayıb? — SƏRT KARANTİN

Azərbaycanda ikinci dalğa başlayıb? — SƏRT KARANTİN


Son yumşaldılma qərarından sonra yoluxma sayında müəyyən qədər artım müşahidə olunur. Çimərliklərin açılmasından sonra sayın artması gözlənilən idi".
Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Vüqar İsgəndərov son günlər Azərbaycanda yoluxma sayının artması ilə bağlı danışarkən deyib. O, yumşaldılma qərarının insanlarda arxayınlıq yaratdığını bildirib:

“İnsanlar yumşalmadan sonra düşünür ki, artıq karonavirus yox olub. Amma bu düşüncə yanlışdır, virus hələ də davam edir. Düşünürəm ki, yenidən artım olarsa, hansısa formada yenidən qadağalara gedəbilərik. Təbii ki, bunu mütəxəsislər, Operativ Qərargah daha dəqiq bilir və bu istiqamətdə aparılan analizlərdən sonra uyğun qərar verirlər.

Lakin hesab edirəm ki, bundan sonra çox sərt addımlar atmaq lazım deyil. Ümumiyyətlə, biz bu infeksiya ilə yaşamağı öyrənməli və həyatımızı bir müddət bunun üzərində qurmalıyıq”.

Millət vəkili xüsusi karantin rejimindən daha çox qaydalara əməl etməyin vacib olduğunu bildirib:

“Son zamanlar artıq əhalinin çox hissəsinin bu qaydalara əməl etməsinə şahid oluruq. Artıq küçədə insanlar maska taxır, sosial məsafə qaydalarına əməl edir. Bütün bunlardan sonra sağalanların sayı ilə, yoluxanların sayı arasında böyük bir fərq yarandı. Təbii ki, bu da hər birimizi sevindirdi. Amma yumşaldılmaların davamlı olması üçün insanlar daha çox diqqətli olmalı, qaydalara maksimum dərəcədə önəm verməlidir”.

V. İsgəndərov pandemiyaya qarşı dövlətin əlindən gələni etdiyini və bundan sonra da edəcəyini qeyd edib.

“Ökəmizin pandemiya ilə mübarizə gündəliyində insanların sağlamlığının qorunması və onların sosial müdafiəsinin təmin edilməsi kimi məsələlər əsas prioritetlər kimi müəyyənləşdirilib.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Bu modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sistemində əlavə 2000 çarpayılıq ehtiyat yaradır”.