Ölkə
21 oktyabr 2020
356

“Siz öz gücünüzü bütün dünyaya bir daha sübut etdiniz” - Prezidentə yazırlar

“Siz öz gücünüzü bütün dünyaya bir daha sübut etdiniz” - Prezidentə yazırlar


Müzəffər Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda ifadə edirlər.
Türkiyənin Kocaeli şəhərindən Əhməd Hulusi Arslan yazır: “Hörmətli cənab Prezident, torpaqlarınızın azadlığı üçün göstərdiyiniz əzm və qətiyyəti alqışlayır, baş verən hadisələri qürurla izləyirəm. Mən ürək və damar xəstəlikləri üzrə cərraham. Müharibə və sülh şəraitində Azərbaycan naminə üzərimə düşən, əlimdən gələn nə varsa etməyə hazıram. Bu səbəbdən mən də əsgəriniz olaraq əmrinizi gözləyirəm.

Sakarya şəhərindən Vüqar Səvzəliyev yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən əslən azərbaycanlıyam, hazırda Türkiyə Respublikasının vətəndaşı kimi Sakarya şəhərində yaşayıram. Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr təhsilim var. Elmi işlərimi davam etdirirəm. Elmi işimin mövzusu beynəlxalq hüquqa görə Qarabağın statusu ilə bağlı olacaq. Sizin Qarabağ mövzusundakı qətiyyətli siyasətinizi qürurla izləyirik. Bu günlərdə Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusunun yazdığı tarixə şahidlik edirik. Ailəm və buradakı bütün dostlarım Azərbaycan Ordusunun və Sizin bu müqəddəs mübarizənizi dəstəkləyir. Azərbaycanın xaricdə yaşayan diaspor üzvləri olaraq Sizin Qarabağın azad edilməsi uğrunda göstərdiyiniz səyi təqdir edirik. Bu barədə mən də şeirlərimlə Vətənimizə xidmət edirəm. Zəfər Sizinlə olsun. Eşq olsun Azərbaycanın Ali Baş Komandanına və Ordusuna!”.

Bakı sakini Emil Adıgözəlov: “Cənab Prezidentimiz, bu məktubu yazmaqda məqsədim ailəm və bütün xalqımız adından Sizə və şanlı Ordumuza minnətdarlığımızı bildirməkdir. Uca Rəbbim Sizin rəhbərliyiniz altında şanlı tarix yazan rəşadətli Ordumuzu qorusun! Sizə tam əminliklə demək istəyirəm ki, bu çətin günlərdə daha da sıx birləşən xalqımızın ümummilli rəhbəri, ümummilli Ali Baş Komandanısınız. İqtidarlı-müxalifətli bütün xalqımız Sizin ətrafınızda sıx birləşib və sona qədər Sizinlədir. Uca Rəbbim Sizi bizə çox görməsin. Qələbə bizimdir, zəfər bizimlədir!”.

Oğuz rayonundan Fərrux Ağakişiyevin məktubunda deyilir: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, 83 yaşlı ahıl Azərbaycan vətəndaşı kimi Sizi səmimi qəlbdən salamlayır və Ulu Tanrıdan Sizə möhkəm cansağlığı arzulayıram. O gün olsun ki, Sizin apardığınız uğurlu siyasət nəticəsində erməni faşistləri üzərində şanlı Ordumuz tam qələbə çalsın, dövlətimizin üçrəngli möhtəşəm bayrağı Laçında, Kəlbəcərdə, Şuşada, Xankəndidə və işğal olunmuş digər rayonlarımızda dalğalansın. Ordumuzun hər bir uğurlu əməliyyatı xalqımızı sevindirir və tam Qələbəmizə inamını artırır. Eşq olsun Azərbaycanın şanlı Ordusuna! Erməni ordusunun başıboş komandanları anlaya bilmədi ki, bir ovuc işğalçı on milyonluq xalqın intiqam hissi ilə alovlanan əsgərlərinə qalib gələ bilməz. Onların dirənişi tülkünün filə qarşı savaşına bənzəyir. Cənab Ali Baş Komandan, ilanı öldürmək azdır, gərək onun başını elə əzəsən ki, o bir daha sürünə də bilməsin. İndi elə vəziyyət yaranıb ki, biz gərək onların başını ilan başı kimi əzək. Onlar bir daha Qarabağ adı çəkə bilməsinlər, xülyalarında olan “böyük Ermənistan“ arzusu ürəklərində buz parçası kimi donub qalsın. Möhtərəm Prezident, Siz eyni zamanda üç düşmənlə - erməni faşistlər, COVID-19 və öz daxilimizdə olan düşmənlə, “beşinci kolon”la vuruşursunuz. Xalqımız əmindir ki, bu savaşların hamısında qalib olacaqsınız. Bu qalibiyyətinizlə Sizin adınız tarixə qızıl hərflərlə düşəcək. Cənab Prezident, Sizin xalqa müraciətinizi izlədim. Çox mənalı, qəti və kəsərli çıxış idi. Allah Sizi qorusun! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!”.

Bakı sakini Xaliq İbrahimov dövlətimizin başçısına yazır: “Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız, xalqımız Sizinlə qürur duyur. Sizə arxalanır və inanırıq. Bu çətin və həlledici zamanda Sizin ətrafınızda daha da sıx birləşmişik. İnanırıq ki, Sizin səyləriniz nəticəsində illərdən bəri davam edən bu problemin öhdəsindən birlikdə və layiqincə gələcəyik. Sizə cansağlığı və tükənməz güc-qüvvət arzulayıram. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Füzuli sakini Ruhiyyə İmanova: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, bu gün bu məktubu Sizə Füzuli rayon sakini, hərbçi ailəsi və təhsil işçisi olaraq ünvanlayıram. 27 il Vətən həsrəti ilə yaşayan bizlərə qələbə sevincini yaşadan Ali Baş Komandanımız, biz Sizin siyasətinizi dəstəkləyirik. Məcburi köçkünlərə göstərdiyiniz qayğı və diqqətə görə, bu gün doğma torpaqlarımızn işğaldan azad olunmasına görə Sizə və Sizin döyüş əmrinizi yerinə yetirən güclü ordumuza təşəkkür edirik. Hər zaman Sizin və müzəffər ordumuzun arxasındayıq. Bu gün Siz Ali Baş Komandan kimi öz gücünüzü bütün dünyaya bir daha sübut etdiniz, mənfur düşmənimizi öz uzaqgörən siyasətinizlə bir daha məğlub etdiniz. Həm siyasi meydanda, həm döyüş meydanında “Qarabağ Azərbaycandır!” sözünü yazdınız. Bu gün uşaqdan böyüyə hər bir Azərbaycan vətəndaşı Sizin ətrafınızda sıx birləşərək, bizi böyük qələbəyə aparacağınıza, tez bir zamanda üçrəngli bayrağımızın Şuşada dalğalandırılacağına inanırlar. Cənab Prezident, Füzuli rayon təhsil işçiləri, hərbçi ailələri, bütün Füzuli rayon sakinləri hər zaman Sizin göstərişlərinizə əməl etməyə, ehtiyac olarsa, ordu sıralarında xidmət etməyə hazırdır”.

Füzulinin daha bir sakini Taryel Şahbazov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, mən Füzuli rayon sakini olaraq, öz adımdan və rəhbəri olduğum “Araz” kəndli fermer təsərrüfatının kollektivi adından doğma Qarabağımızın bir hissəsini işğaldan azad etdiyinizə görə Sizə və müzəffər Ordumuza təşəkkürümü bildirir, bu haqq yolunda Sizə daha böyük uğurlar arzulayıram. Yaxın zamanda bütün xalqımızı böyük qələbə xəbəri ilə sevindirəcəyinizə inanırıq. Hər zaman Sizin arxanızdayıq. Uca Allah Sizi və əmrinizdə olan rəşadətli Ordumuzu qorusun! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”.

Ağdam sakini Xəlil Bağırov: “Hörmətli Prezidentim, Ağdam rayonunun ziyalısı kimi Sizə öz adımdan, ailəmiz adından təşəkkür edir və dərin minnətdarlığımı bildirirəm. Azad olunan hər bir qarış Vətən torpağı üçün ürəkdən sevinirəm. Bu sevincə görə Sizə və qüdrətli Ordumuza minnətdarıq. Sizin xarici telekanallara müsahibələriniz zamanı verilən suallara ətraflı və əsaslı cavablarınız hər bir Azərbaycan vətəndaşının cavabıdır. Bu, şəxsən Sizin informasiya savaşında düşmən üzərində qələbənizdir. Buna görə də Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və Ordumuzu qorusun!”.

Kəlbəcər sakini Eldar Hüseynli yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, bu məktubu Sizə yazan iyirmi yeddi ildir torpaq, yurd həsrəti ilə yaşayan, bir gün belə o yerlərə qayıtmaq ümidini itirməyən, Kəlbəcər rayonundan olan səksən yaşlı məcburi köçkündür. Cənab Prezident, Siz uzaqgörən və məqsədyönlü siyasətinizlə həmişə ölkəmiz və xalqımız üçün çox böyük işlər görmüsünüz. Biz qətiyyətlə inanmışıq ki, sayənizdə bir gün gələcək, hamımız öz doğma torpaqlarımıza, el-obamıza qayıdacağıq. Çox şükür ki, həmin gün gəlib çatıb. Gözəl və əsrarəngiz təbiəti, yeraltı və yerüstü zəngin təbii sərvətləri olan Kəlbəcərə tezliklə geri dönəcəyimiz günü səbirsizliklə gözləyirik. Əziz Prezidentim, təbiətinin gözəlliyi ilə həmişə İsveçrəyə bənzədilən Kəlbəcər rayonunda, dünyaca məşhur müalicəvi suyu olan “İstisu”da Sizi və Birinci vitse-prezidentimiz Mehriban xanımı qonaq etmək biz kəlbəcərlilərin ən böyük arzusudur. Sizə inanırıq, Sizə güvənirik. Qələbə bizimdir, Qarabağ Azərbaycandır! Allah Sizi bizə çox görməsin!”.

Ağcabədi sakini Telman Həsənov: “Hörmətli cənab Prezident, işğal altında olan torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi həyatda ən böyük sevincimiz və arzularımız olub. Biz ağcabədililər, eləcə də bütün Azərbaycan xalqı Sizinlə fəxr edir və belə bir Ali Baş Komandanımız olduğu üçün qürur duyuruq. Bizim rayonun əraziləri atəşə məruz qalsa da işıqlarımız yanır, cəbhədə gedən hadisələri televiziya vasitəsilə izləyirik. Biz Sizi çox sevirik, cənab Prezident. Azərbaycanımızın çiçəklənməsi, ərazi bütövlüyümüzün bərpası və müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün gördüyünüz bütün uğurlu işlər üçün Sizə minnətdarlığımızı bildiririk. Bu şərəfli, müqəddəs işlərinizdə uca Allah köməyiniz olsun”.

Gəncə şəhər sakini Mətanət Axundzadə: “Qüdrətli Prezidentimiz, mənim 10 yaşım var, 5-ci sinifdə oxuyuram. Yaşımın az olmasına baxmayaraq torpaqlarımızın azadlığı uğrunda ölməyə belə hazıram. Biz Gəncədə yaşayırıq və buraya düşmən ordusu tərəfindən tez-tez raketlər atılır. Amma biz heç nədən qorxmuruq, çünki bizim Sizin kimi Ali Baş Komandanımız və güclü Ordumuz var. Yaşasın Prezidentimiz! Yaşasın Azərbaycan Ordusu! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Füzuli sakini Elmir Məmmədzadə: “Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan, bir Füzuli rayon sakini kimi, dərin minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda yorulmaz fəaliyyətiniz və ordumuzun rəşadəti sayəsində tam qələbəmizə lap az qalır. İnşallah, şanlı bayrağımız Şuşada, Xankəndidə, bütün Qarabağımızda fəxarətlə dalğalansın. Uca Tanrı Sizi və igid Azərbaycan əsgərlərini qorusun! Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır! Eşq olsun şanlı Ordumuza!”.

Lənkəran sakini Rövnəq Məmmədov: “Çox hörmətli və əziz Prezidentimiz. Əvvəla, Sizə dərin hörmətimi bildirir, salamlarımı çatdırıram. Mən sevincimdən göz yaşları tökürəm. Bu göz yaşları sevincimin yalnız bir hissəsidir. Belə bir sevinci sözlə tam ifadə etmək çox çətindir. Azərbaycanın şanlı qələbəsi üçün Siz Ulu Öndərin siyasi yolunu davam etdirərək, Azərbaycan dövlətinin iqtisadi və hərbi qüdrətini, dünya arenasında siyasi hörmətini artıraraq Azərbaycanın gücünü mənfur düşmənə və havadarlarına göstərdiniz. Siz Azərbaycan xalqının və dövlətinin tükənməz qüvvəsi, sönməz günəşisiniz. Günəş üfüqə qalxdıqca onun işığı və hərarəti bütün qaranlıqlara həyat verərək işıqlandırır. Cənab Prezident, qələbələrimiz münasibəti ilə Sizi və şanlı Ordumuzu təbrik edirəm. Ulu Tanrı qəlbinizin odlu hərarətini Azərbaycan xalqından əskik etməsin. Qarabağ Azərbaycandır!”.

Biləsuvar rayon sakini Manaf Süleymanov: “Hörmətli cənab Prezident, ailəm adından və şəxsən öz adımdan Sizi, ailənizi, xalqımızı və bütövlükdə dövlətimizi təbrik edirəm. Neçə illərdir bizim bu gözəl torpaqlarımız üstündə gedən mübahisələrə son qoyaraq tarix yazırsınız. İnanıram ki, xalq üçün bu, əbədi tarix olacaqdır. Bütün siyasi partiyaları və xalqı Sizin uzaqgörən siyasətiniz birləşdirmişdir. Bu xalq hər zaman Sizi dəstəkləyəcəkdir. Mən, Cəbrayıl şəhərinin işğaldan azad olunduğunu eşidəndə özümü saxlaya bilmədim, gözümdən yaş axdı. “İlahi sənə şükür, mən hansı şad xəbəri eşidirəm!” - dedim. Tanrı hər zaman Sizi sevindirsin, cənab Prezident”.

Füzuli sakini Qaraxan Teymurov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, 27 illik Füzuli həsrətimə son qoyduğunuz üçün Sizə təşəkkür edirik. Bütün Azərbaycan xalqı kimi füzulililər də daim Sizinlədir. Vətən qarşısında bu müqəddəs xidmətiniz yalnız bizim hərb tariximizə deyil, bütün dünya tarixinə qızıl hərflərlə yazılacaqdır. Eşq olsun Prezidentimizə! Eşq olsun Ordumuza!”.

Saatlı rayon sakini Fuad Kərimov: “Hörmətli cənab Prezident, Ermənistanın növbəti təxribatlarına cavab olaraq rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 30 ilə yaxın düşmən tapdağında qalan doğma torpaqlarımız işğaldan azad olunur. Sizi qazanılan qələbələr münasibətilə təbrik edirəm. Qələbə və uğurlarınız bol olsun! Allah Sizə Qarabağda yeni yolların, müəssisələrin açılışını qismət etsin”.