Ölkə
19 mart 2021
239
Baş infeksionistdən HƏYƏCAN TƏBİLİ: “Vaksin olunmağımıza baxmayaraq...” - MÜSAHİBƏ
Son günlər ölkədə koronavirusa yoluxma sayında artım müşahidə edilir. Bir neçə aydır davam edən stabil vəziyyətinin bir anda pozulması əhali arasında ciddi narahatlığa səbəb olub.
Ötən gün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) yaydığı məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzində aparılan araşdırmalar zamanı ikisi kişi, biri qadın olmaqla 1977-ci, 1961-ci, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun Britaniya ştammı aşkarlanıb.
Bəs bu iki virusun simptomları bir-birindən nə ilə fərqlənir? Uşaqlar arasında yoluxmaların artımına səbəb virusun Britaniya ştammı ola bilərmi?
Oxu.Az-ın bu və digər suallarını Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov cavablandırıb:
- Koronavirus infeksiyası ilkin mərhələdəki simptomlarını yavaş-yavaş itirir. Bu, yoluxma sayının artmasına gətirib çıxara bilərmi?
- Yeni koronavirus infeksiyası zamanı ilkin mərhələ ilə müqayisədə klinik mənzərənin bir qədər dəyişilməsi haqqında müxtəlif fikirlər var. Daha çox o qeyd edilir ki, buna səbəb daha böyük sayda insanın xəstələnməsi və nəticədə bir sıra yeni əlamətlərin müşahidə olunmasıdır. Əgər əvvəllər bu xəstəliyə sadəcə kəskin respirator infeksiya kimi baxırdılarsa, indi daha çox orqanizmin sistem xəstəliyi kimi baxılır. Əlamətlərin rəngarəngliyi yoluxma hallarının sayının artmasına səbəb ola bilməz. Hazırda yoluxma sürətində artımı virusda baş verən müxtəlif mutasiyalarla əlaqələndirirlər. Əgər bu mutasiyalar nəticəsində gələcəkdə virus daha az aqressivlik əldə edərsə, xəstələnmənin asimptomatik və yüngül gedişlərinin sayı artarsa, bu, yoluxma hallarının sayına təsir göstərə bilər.
- COVID-19 klinik göstəricilərinə görə hansı infeksiyaya daha yaxındır? Bu pandemiyanın qarşısını almaq üçün başqa hansı mübarizə üsulları var?
- Koronavirus kəskin respirator virus infeksiyaları sırasındadır. Bu, əsasən, hava-damcı yolu ilə yayıldığından həmin infeksiyalar üçün mübarizə tədbirləri universaldır. Hazırda xəstəliyə qarşı etiotrop dərman preparatı mövcud deyil. Yalnız kütləvi vaksinasiya və universal mübarizə tədbirlərinə əməl olunması pandemiyanın qarşısını ala bilər.
- Xəstəlik ilkin mərhələdə uşaqlar arasında geniş yayılmırdı. İndi isə tam əksinə məktəblilər, azyaşlılar (1-6 yaş qrupu da var) arasında koronavirusa yoluxma daha çoxdur. Bunun səbəbi nədir?
- Rəsmi statistik rəqəmlərə görə, ölkəmizdə 0-9 yaş qrupunda uşaqların yoluxma hallarının tezliyi 3 faiz təşkil edir. Hələ bu göstəricinin artımı haqqında məlumat yoxdur.
- Bu virusun məhv olma temperaturu varmı? Əvvəl deyirdilər ki, havalar istiləşdikcə virus öləcək, lakin bu proqnoz özünü doğrultmadı. Əksinə pandemiya davam etdi və qış mövsümündə növbəti dalğa müşahidə olundu. Qarşıdakı günlərdə virusun aktivliyinə səbəb ola biləcək amillər nələrdir?
- Bəzi tədqiqatların nəticələrinə görə, havanın temperaturu yoluxma hallarının sayına müəyyən təsir göstərir. Baxmayaraq ki, virusun həm soyuq, həm də mülayim və isti havada kifayət qədər yayılmasını müşahidə edirik. Yoluxmaların artmasında əsas səbəb insan təmaslarının intensivliyidir. Bu səbəb digər faktorlarla müqayisədə aparıcı və həlledici rol oynayır.
- Yüksək hərarət, öskürək, boğulma kimi simptomlar müşahidə olunsa da, COVID-19 testinin cavabı neqativ çıxır. Bəs bu, nəyin əlamətləridir?
- COVID-19-un təyini üçün götürülmüş test nümunəsinin neqativ cavabı heç də həmişə xəstəliyi inkar etmir. Burada müayinənin gec aparılması, müəyyən texniki qüsurlar və testlərin həssaslığı rol oynaya bilər. Həmçinin qeyd olunan əlamətlər yeni koronavirus infeksiyası üçün spesifik olmayıb mövsümi qrip və digər respirator virus infeksiyaları zamanı da rast gəlinə bilər.
- Ölkə daxilində Britaniya ştammına yoluxma olduğu təsdiq edildi. Britaniya ştammı özü də mutasiyaya uğraya bilərmi?
- Bəli, rəsmi olaraq Azərbaycanda yeni koronavirus infeksiyasının Britaniya ştammının aşkarlandığı elan olundu. Virusun mutasiyaya uğraması pandemiya şəraitində təbii və fasiləsiz baş verən prosesdir. Virusda mutasiyaların sayı artdıqca onun müəyyən xüsusiyyətləri dəyişə bilər.
- Bəzi Avropa ölkələri “AstraZeneca” vaksinindən imtina edir. Bizdə isə baş nazirin qərarı ilə bu vaksindən 432 min doza alınacaq. İnfeksionistlər bu vaksinin insan orqanizminə çoxsaylı yan təsirləri olduğu deyilir. Hətta bu vaksindən ölənlərin olduğu da deyilir. İstərdim ki, bu vaksinin virusa təsirindən, hazırlanma metodikasından danışasınız.
- Qeyd olunan vaksinin tromboemboliya və qanaxma kimi güman olunan yan təsirlərinin olduğu yazılır. Lakin, bu ehtimallar hələlik sübut olunmayıb. Bu istiqamətdə araşdırmalar aparılır. Bu tip vaksin geniş peyvəndləmə üçün ölkəmizə gətirilməyib.
- Hamilə qadınlar və uşaqlar koronavirusa yoluxduğunda daha ağır fəsadlar ola bilərmi?
- Uşaqlarda və hamilə qadınlarda yeni koronavirus infeksiyası zamanı ağır hallar və fəsadlar yaş qrupuna uyğun səviyyədə, yaşlılara nisbətən daha az rast gəlir. Bu, əsasən immun sistemdə olan pozuntular və əhəmiyyətli yanaşı xroniki xəstəliklərin olmasından çox asılıdır.
- Yanvarın 18-dən ölkədə “CoronaVAC” vaksininin vurulmasına başlanılıb. Uşaqlara vaksin vurulması qadağandır. Gigiyenik normalara riayət edilsə də, artıq yoluxmanın qarşısını bu yolla almaq olmur. Bəs uşaqları necə qoruyaq?
- Başqa effektiv üsul yoxdur. Tövsiyə olunan karantin qaydalarına riayət olunması təmin edilməlidir.
- Koronavirusa təkrar yoluxmalar da müşahidə olunub. Vaksindən sonra yenidən yoluxma faktı olarsa, infeksionist olaraq hansı təklifləri verə bilərsiniz?
- İstənilən halda xəstəlik baş verərsə, bu, aşkarlanıb, müalicə olunmalıdır. Nə qədər ki, pandemiya davam edir, hətta vaksin olunmağımıza baxmayaraq, qızıl qaydalara əməl etməyimiz tövsiyə olunur.
- Vaksinlərin effektivliyi 100 faiz deyil, bəzi insanlarda vaksin vurulandan sonra da COVID-19-a yoluxma halının qeydə alına biləcəyi, hətta ölüm halı da istisna edilmir. O zaman bu pandemiyadan qurtulmağın yolu vaksinlər də deyil?
- Hələ ki, kütləvi vaksinasiya pandemiyadan qurtulmağın yeganə effektiv vasitəsi sayılır.
Daha çox xəbər:
Britaniya ştammı təhlükəsi - Yoluxmamaq üçün bunu mütləq edin!
CəmiyyətSərt karantin rejimi bu halda tətbiq oluna bilər - AÇIQLAMA
CəmiyyətAzərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama
ÖlkəAzərbaycanda koronavirusa qarşı peyvəndləmədən imtina edəcək şəxslərə XƏBƏR ...
CəmiyyətTƏBİB: İndi cavanlarda koronavirus daha ağır formada keçir
Ölkə