Ölkə
13 yanvar 2021
1222
Dərsliklərdə yenilik: Vətən müharibəsi qəhrəmanları tanıdılacaq
“Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilməlidir. Təhsil Nazirliyi bu haqda öz mövqeyini cəmiyyətə açıqlayıb, dərsliklərdə müvafiq dəyişikliklər aparılmasına başlanılıb”.
Bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycan” qəzetinə dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, təhsil sistemində tərbiyə işinin səmərəli təşkili, bu sahənin dinamik və davamlı inkişafı üçün mövcud reallıqlar və dünya təcrübəsi nəzərə alınmaqla, tərbiyənin milli konsepsiyası və inkişaf strategiyası hazırlanmalı və icrasına başlanılmalıdır:
“Vətənpərvərlik tərbiyəsi təhsildə əsas prioritet istiqamət kimi müəyyənləşdirilməlidir. Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən amillər təhlil olunmalı, bütün təhsil müəssisələrində “Qarabağ dərsləri”, “Qarabağ şahinləri”, “Milli qəhrəmanlar”, “Qarabağ müharibəsi qəhrəmanları”, “Şuşa əməliyyatı” adlı ustad dərsləri təşkil olunmalı, müharibə şəhidləri və qaziləri təhsilalanlara dərindən tanıdılmalıdır.
Tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır”.
Nazir müavini əlavə edib ki, Vətən müharibəsində qazanılan uğurlara dair elmi, elmi-kütləvi, bədii, publisistik əsərlər yaranacaq:
“Hesab edirik ki, “Qarabağ Azərbaycandır!” seriyasından bu tipli əsərlər çap olunmalı, dünyanın müxtəlif dillərinə tərcümə edilməli, tariximizin bu şərəfli səhifəsi uşaq və gənclərimizə çatdırılmalıdır. Bunlarla yanaşı, Qarabağ müharibəsi qəhrəmanları, qaziləri, şəhidləri, iştirakçıları haqqında ensiklopedik soraq kitabları hazırlanmalı, sənədli filmlər çəkilməli, həmin insanlar yetişməkdə olan uşaq və gənclərə yetərincə tanıdılmalıdır”.