Siyasət
15 iyul 2020
381

Ermənistanın əsl üzü

Ermənistanın əsl üzü


İyul ayını 12-də Azərbaycan-Erməistan sərhəddində yerləşən Tovuz rayonu ağır artileriyadan atəşə tutulmuşdur. Hərbiçilər və dinc əhali arasında şəhid olanlar və yaralananlar var. Evlərə və tikililərə ziyan dəymişdir. Erməni tərəfinin bu həyasızlığı daha çox N.Paşinyan hakimiyyətinin qorunub, saxlanmasına hesablanmışdır.
Ermənistanda müxalifət baş nazirin istefasını tələb edir. Parlamentdə qarşıdurma son həddədir. Iqtisadi iflas qapının ağzındadır. Verdiyi sözləri tuta bilməyən N.Paşinyan artıq aqoniyadadır. Özündən əvvəlki prezidentlər- R.Köçəryan və S.Sarqsyanla siyasi mübarizə məhkəmə müstəvisindədir. Konstitusiya Məhkəməsi ilə münaqişə bütün hüquqi normalardan kənara çıxıb. Qarabağ problemi ilə bağlı danışıqlar masasında yeni bir təklif yoxdur, daha doğrusu əldəqayırma “Artsax”ı tərəf kimi danışıqlara cəlb etmək istəyi fiaskoya uğradı. Qarabağ erməniləri ilə yerli ermənilər arasındakı siyasi mübarizə artıq silahlı münaqişəyə çevrilmək üzrədir. Bütün bu məsələləri ikinci sıraya keçirmək üçün Ermənistanın baş naziri erməni xislətinə uyğun olaraq növbəti təxribata əl atdı.
Dövlət sərhəddinə təcavüz edən erməni silahlı qüvvələri çox çətin vəziyyətlə qarşılaşıb. Azərbaycan ordusunun uğurlu hərbi cavabları nəticəsində, uzun müddət ərzində hazırlanan və Ermənistanın elit qüvvələri hasab olunan silahlı dəstələr ilk döyüşdəcə darmadağın edildi. Ermənilərin bütün blindajları və gizlədilmiş hərbi texnikaları ordumuz tərəfindən aşkar edilərək, bir-bir məhv edildi. Panikaya düşən erməni ordusu döyüş xəttindən qaçmağa başladı. Erməni polisi belə onların qarşısını ala bilmədi.
Azərbaycan xalqı öz Ali Baş komandanı və ordusu ilə birgə olduğunu bir daha ortaya qoydu. Şəhidlərimiz böyük coşqu və sevgi ilə qarşılandı. Şəhidlərin yaxınları şəhidlik zirvəsinə yüksəlmiş qeyrətli igidlərimizlə fəxr etdiklərini bildirdilər və vətən üçün yenə də şəhid verməyə hazır olduqlarını dilə gətirdilər. Çox qürurverici və fəxarətli anlar idi. Bu anları ancaq əzəmətli xalq edə bilərdi. Azərbaycan xalqı öz qüdrətini və yenilməzliyini bir daha nümayiş etdirdi.
Xalqımız ordiya və Prezidentə olan dəstəyini göstərmək üçün küçələrə çıxdılar. Polislərimiz yüksək peşəkarlıq göstərərək əhali ilə birgə olduğunu nümayiş etdirməklə ciddi təxribatların qarşısını almış oldular. Belə ki, bəzi xırda təxribatlar daha iri qarşıdurmaya keçə bilərdi. Lakin polisin və digər təhlükəsizlik orqanlarının əməkdaşları həddən artıq səbr və peşəkarlıq göstərərək insan toplusunu çox ustalıqla idarə etdilər. Ermənilərin qarşılıqlıq yaratmaq arzuları puça çıxdı. Bəzi milli satqınlar və onların xaricdəki züytutanları nə qədər çalışdılar, qarşıdurmaya nail ola bilmədilər, çünki xalqın Möhtərəm prezidentimizə və I Vitse prezidentimizə olan etibarı və sevgisi sonsuzdur.
Cənab prezidentin yürütdüyü uğurlu xarici siyasət bir daha təsdiqini tapdı. Qardaş Türkiyənin prezidenti, hörmətli R.T.Ərdoğan başda olmaqla bütün yetgililəri prezidentimizi və xalqımızı dəstəklədi, bütün mövcud imkanları ilə bizim yanımızda olduqlarını bəyan etdilər. Daima Azərbaycana xüsusi sevgiləri ilə fərqlənən Pakistan, Ukrayna və Moldova kimi dost dövlətlər ölkəmizin ərazi bütövlüyünü dəstəkləməklə bərabər, cənab İ.Əliyevə siyasi dəstək nümayiş etdirdilər.
ATƏT-in həmsədr dövlətləri ABŞ və Rusiya yenə də ümumi bəyanatlar verdilər. Belə böyük dövlətlərin təcavüz edənlə təcavüzə məruz qalanı eyni cür dəyərləndirməsi, həmin dövlətlərə başucalığı gətirmir. Ümid edirik ki, belə dövlətlər ikili standartlardan və xristian həmrəyliyindən əl cəkəcək və düzgün qərar verə bilmək qüdrətlərinin olduğunu ortaya qoya biləcəklər.
Dünyada COVİD 19-un tüğyan elədiyi bir zaman kəsiyində ölkəmizi sınağa çəkmək istəyən qüvvələr layiqli cavabını aldılar. Xalqımızın Milli orduya və onun Ali Baş Komandanına göstərdiyi siyasi dəstək cənab Prezidentimizin Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinə olan inamından irəli gəlir. Biz xalq olaraq Prezidentimizin yanındayıq, xalq isə tarixən heç zaman məğlub edilə bilməyib.

Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin rayon şöbəsinin sədri Osmanov Qurban