Siyasət
03 avqust 2020
303

Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır? — TƏHLİL

Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır? — TƏHLİL


Ermənistanın iyulun 12-dən etibarən Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya atəşlərinin müşayiəti ilə Azərbaycan Ordusunun mövqelərinə hücum cəhdi uğursuz alındı.
Oxu.az xəbər verir ki, Ermənistanın döyüş cəbhəsində, diplomatik sferada və diaspor fəaliyyətində uğradığı ardıcıl məğlubiyyətlər, üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərindən yardım gözləmək cəhdi Yerevanı çətin duruma salır.

KTMT-nin Nizamnaməsinin 7-ci maddəsinə əsasən, quruma üzv dövlətlər təhlükəsizliyə, sabitliyə, ərazi bütövlüyünə, suverenliyə təhlükə yarandıqda kollektiv müdafiə keçirmək hüququna malikdir.

İyulun 13-də Ermənistan tərəfi KTMT-nin iclasına ümidini dikmişdi, belə ki, hərbi qurumun Baş katibi Stanislav Zas Azərbaycan - Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırmışdı. Lakin bir neçə saat keçmiş qurum iclasın vaxtının təxirə salındığını bəyan etməklə, Ermənistana hərbi-diplomatik sahədə zərbə endirdi.

KTMT-nin altı üzvündən üçü, Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə, Belarus isə Qoşulmama Hərəkatı xətti ilə Ermənistanı təcavüzkar kimi tanıyıb Azərbaycana açıq dəstək ifadə edib.

Ümid yenə Rusiyayadır

Kremlin gözündə Nikol Paşinyan mənfi obrazdadır, çünki Ermənistanın baş naziri məxməri inqilabla hakimiyyətə gəldikdən sonra ölkəsinin ağasına qarşı fəaliyyət göstərir.

Gah xarici siyasət trayektoriyasında Qərb tərəfə sürüşmələr çox olur, gah da Rusiyanı qəzəbləndirəcək digər addımlar atılır. Təbii ki, Rusiya da öz forpostunu “cavab atəşi” ilə susdurur, çünki Ermənistana təsir göstərmək üçün Rusiyanın əlində kifayət qədər rıçaqlar mövcuddur.

Ən azından Rusiya Ermənistana satdığı təbii qazın qiyməti ilə təsir göstərir və Paşinyan bir müddətlik də olsa, geri çəkilir, amma əlinə fürsət düşən kimi yenə Moskvaya qarşı “savaş” ritorikasına keçir.

Bununla belə, Ermənistanın yeganə sığınacağı, ümid yeri Rusiyadır, Nikol Paşinyanın quyruğu qapı arasında qalan kimi xarici siyasətdə tərəzinin gözünü Rusiya tərəfə əyir.

Tovuz döyüşlərindən sonra Rusiya ilə Ermənistan birgə hava hücumundan müdafiə sistemi çərçivəsində hərbi təlimlərə başlaması da bunun əyani sübutudur - görünür, Moskva Yerevana yenə yeganə ümid yeri olduğunu xatırladıb.

Təlimlərə Tovuz döyüşlərindən sonra start verilməsi diqqət çəkir, nəzərə alaq ki, Tovuzdakı döyüşlərdə dronların xüsusi çəkisi var idi. Xatırladaq ki, Azərbaycan Ordusu dəfələrlə Ermənistan silahlı bölmələrinə məxsus pilotsuz aparatları məhv edib.

Maraqlı olan budur ki, Ermənistanın və Rusiya hərbçiləri təlimdə şərti düşmənin kəşfiyyat və zərbə dronlarına qarşı mübarizə metodlarını tətbiq edirlər.

Birgə hava hücumundan müdafiə sistemi haqqında müqavilə Ermənistana Rusiyanın qırıcı təyyarələri, S-300 sistemi və Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin kəşfiyyat məlumatlarından istifadə etməyə imkan verir.

Türkiyə ön planda

Lakin bu, Azərbaycanı qəti narahat etmir, Rusiya-Ermənistan təlimlərinə qarşı bəyanatlar səslənmir, çünki burada qeyri-adi bir şey yoxdur. Bununla belə, Türkiyə də Azərbaycanın yanında durduğunu və strateji müttəfiqlik ruhunun xarakterinə uyğun olaraq özünün regional qüvvələr balansında xüsusi çəkisinin olduğunu xatırladır.

Avqustun 1-dən etibarən Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq haqqında sazişinə əsasən, illik plana uyğun olaraq Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Ancaq bunun Tovuz döyüşləri ilə birbaşa əlaqəsi yoxdur, belə ki, Azərbaycanla Türkiyə hər il belə təlimlər keçirir.

Təlimlər iki ölkə arasında hərbi sahədə əməkdaşlıq proqramına uyğun olaraq əvvəlcədən planlaşdırılmış qrafik əsasında baş tutur. Təlimlər Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluğun təzahürüdür.

Bu təlimlər regionda işğalçı doktrina üzrə siyasət yürüdən və hərbi təcavüz həyata keçirən, yeni ərazilər əldə etməyə çalışan Ermənistana ciddi siqnaldır.

Ona görə də Azərbaycanla Türkiyənin hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı regional sülh və təhlükəsizliyin vacib komponenti kimi nəzərdən keçirilməlidir.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 28-də deyib ki, Ermənistanın tətbiq etdiyi siyasət həm bu ölkəni, həm də xalqını dalana dirəyir.

“Onlar bu cür davam edə bilməzlər. Ermənistanın Türkiyəyə münasibətdə məkrli planları, eləcə də, Azərbaycan ərazilərinə təcavüz planları var. Bu, qəbuledilməzdir. Ermənistan qonşuları ilə sülh şəraitində yaşamağı öyrənməlidir. Türkiyə ilə birgə hərbi təlimlər bu cür ölkələrə güclü siqnal ötürəcək”, - deyə H.Hacıyev əlavə edib.

Qardaşlıq müqaviləsinin mahiyyəti

Onu da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycanın birgə addımları strateji tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslanır, yəni iki dövlət arasında müqavilə var və bunu bütün dünya bilir.

İndi isə Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqaviləyə (2010-cu ilin avqustun 16-da imzalanıb) nəzər yetirək.

Müqavilənin girişində yazılır ki, Azərbaycan və Türkiyə 1994-cü ilin 9 fevralında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u rəhbər tutaraq, habelə 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bəyan edirlər.

Müqavilənin 2-ci maddəsinə əsasən, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə edə bilər.

Eyni zamanda, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədilə bir-birinə qarşılıqlı yardım göstərə bilərlər.

Onu da bildirək ki, yuxarıda adını çəkdiyimiz Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyinin hüquqi təminatlarından biridir.

Ermənistan isə Tovuz döyüşlərinin getdiyi bir zamanda Naxçıvan istiqamətində də təxribatlara əl atdı, lakin hərbi planlar yenə dibə vurdu. Bu mənada, nəzərə almaq lazımdır ki, Türkiyə Qars müqaviləsindən irəli gələrək, Naxçıvan məsələsinə də həssaslıqla yanaşır.

Türkiyə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və bunu praktiki səviyyədə də göstərir. Ona görə də birgə təlimlərin bəzi siyasi spekulyasiyalara yol açması başadüşülən deyil, burada yeni və təəccüblü bir məqam axtarmağa dəyməz.