Siyasət
13 avqust 2020
360

Prezident Putinə zəng etdi

Prezident Putinə zəng etdi


Avqustun 12-də Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizn həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilib və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.

Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVİD-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.