Siyasət
31 avqust 2020
354
Dağlıq Qarabağın azərbaycanlı icmasından Qubadlının işğalının 27-ci ildönümü ilə bağlı BƏYANAT
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir:
“1993-cü ilin 31 avqust tarixində Azərbaycan Respublikasının Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ermənistanın təcavüzü nəticəsində 238 Qubadlı sakini şəhid olub, 316 nəfər əlil, 100-dən çox insan isə itkin düşüb. İşğal nəticəsində rayonun inzibati mərkəzi və 93 kəndi tamamilə dağıdılaraq talan edilib, 40 mindən çox Qubadlı sakini məcburi köçkünə çevrilib.
Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, dörd tibb ocağı, altı uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, bir tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində doqquz, Əliquluuşağı kəndində beş, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid bir qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda Qalalı qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.
Ermənistanın münaqişənin əvvəlində iddia etdiyi əzəli torpaqlarımız olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Qubadlı rayonu da daxil olmaqla ətraf yeddi rayonu işğal etməsi, münaqişənin məhz Ermənistanın Azərbaycan ərazilərini güc yolu ilə ilhaq etmək niyyətindən qaynaqlandığını sübut edir. Son illərdə Ermənistan tərəfindən Qubadlı da daxil olmaqla, işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasətinin daha da gücləndirilməsi onu göstərir ki, Ermənistan ərazilərimizi işğal altında saxlamaq və işğalın nəticələrini möhkəmləndirmək niyyətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.
Bəyan edirik ki, münaqişənin həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıdışından sonra mümkündür. Bütün məcburi köçkünlər kimi qubadlılar da öz doğma torpaqlarına geri dönəcəklər”.
Daha çox xəbər:
Ceyhun Bayramov: “Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək”
SiyasətErmənilərin Qubadlını işğal etməsindən 27 il ötür
SiyasətDağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb
SiyasətYəhudilərdən ermənilərin Tovuz təxribatı ilə bağlı — SƏRT BƏYANAT
DünyaAğdamın işğalından 27 il ötür
Cəmiyyət