Siyasət
12 sentyabr 2020
330
Prezidentin köməkçisi Ermənistanın təxribatını şərh etdi — “Köçürülmüş insanları muzdlular kimi istifadə edir”
Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsi barədə məlumatlar yayılıb.
Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevrilir.
H.Hacıyevin sözlərinə görə, hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir.
“Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir.
Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.
1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdi.
Beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.
İstehzalı olsa da, Ermənistanın özünün qanunvericiliyinə görə bu əməllər cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cı maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və 8-12 il cəza nəzərdə tutulur”, - deyə H.Hacıyev əlavə edib.
Prezidentin köməkçisi söyləyib ki, bu ilin iyulunda iki ölkənin dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın törətdiyi təcavüz aktı, təmas xəttindəki diversiya-sabotaj əməliyyatı cəhdi Ermənistanın növbəti təxribat və hərbi avantürizmə hazırlaşmasından xəbər verir:
“Bundan əlavə, son günlər Ermənistan işğal edilmiş ərazilərimizdə yaratdığı qondarma rejimin dili ilə Azərbaycanın digər ərazilərini də işğal etmək niyyətini bir daha açıq şəkildə səsləndirməyə başlayıb və Gəncə şəhərini raket atəşinə tutmaqla hədələyib.
Ermənistanın baş nazirinin, müdafiə nazirinin təxribatçı bəyanatları və hərəkətləri, eləcə də bu qəbildən olan digər addımlar bir daha sübut edir ki, tamamilə həyasızlaşmış Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir.
Cəbhədə təxribatların törədilməsinə və vəziyyətin kəskinləşməsinə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır”.
Daha çox xəbər:
“Livan ermənilərinin Qarabağa köçürülməsi Ermənistanın növbəti təxribat pla ...
SiyasətRəsmi Bakıdan Mnatsakanyanın fikirlərinə CAVAB
SiyasətCeyhun Bayramov: “Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək”
SiyasətPrezidentin köməkçisi Ermənistanın Tovuz təxribatlarının səbəbini açıqladı
SiyasətHikmət Hacıyev Arsen Xaratyanla debata çıxıb
Siyasət