Siyasət
15 sentyabr 2020
344
İlham Əliyev: “Qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük”
Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində yer alıb.
“Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək”, - deyə dövlətimizin başçısı müraciətində qeyd edib.
İlham Əliyev bildirib ki, müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcək, bu, şübhəsizdir:
“Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına.
Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər”.
Daha çox xəbər:
Prezident: “Pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini ar ...
Siyasətİlham Əliyev: “Hazırda postpandemiya dövrünə hazırlaşırıq”
Siyasətİlham Əliyevdən Bilik Günü münasibətilə MÜRACİƏT
Ölkə“Kim “ASAN xidmət”i bəyənməyə bilər?” - Prezident
Gündəm, Siyasətİlham Əliyev yeni təhsil nazirini qəbul etdi — YENİLƏNİB + FOTO/VİDEO
Gündəm, Siyasət, Video