Siyasət
01 mart 2021
228

Qarabağda döyüşlər yenidən başlaya bilər? - Sabiq briqada komandiri danışdı

Qarabağda döyüşlər yenidən başlaya bilər? - Sabiq briqada komandiri danışdı


Son dövrlər sosial şəbəkədə müzakirələr zamanı aprel ayında müharibənin yenidən başlaya biləcəyi barədə şayiələr səsləndirilməyə başlayıb.
İstifadəçilər buna səbəb kimi ermənilərin revanşist ideyasını əsas gətirir.

İnsanların mövzu ilə bağlı suallarına cavab tapmaq və şayiələrin nə qədər doğru olduğunu dəqiqləşdirmək məqsədilə ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanova müraciət etdik. Hərbi ekspert BAKU.WS-ə bildirdi ki, ermənilərdə revanşist fikirlər ola bilər, amma bununla müharibə aparmaq olmur:

"Mənə elə gəlir ki, bu mövzuda yayılan şayiələrin cavabını ötən gün mətbuat konfransında Azərbacan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyev cavablandırdı. Əvvəla, onu deyim ki, Ermənistanın Silahlı Qüvvələri Azərbaycan Ordusu tərəfindən darmadağın edilib. Belə olan halda onlar müharibəni necə edəcək?

Ermənilərdə revanşist fikirlər ola bilər, amma bununla müharibə aparmaq olmur. Müharibə məhz ordu, güc və silahla aparılır. 3 ay keçməsinə baxmayaraq, Ermənistan ordusu darmadağın edilibsə, onların texnika və silah-sursatlarını itirmələri bəllidirsə, Ermənistan nə ilə Azərbaycan qarşısında dayana bilər?

Əgər biz ehtimal versək ki, nə vaxtsa nəsə olacaq, cənab prezident buna da cavab verdi. Azərbaycan Ordusu bundan sonra da ən müasir silahlarla silahlanacaq, ordusunu daha da gücləndirəcək. "Dəmir yumruq" hər zaman işə salına bilər. Əgər Ermənistan belə bir addım atmağa cəhd göstərərsə, bu, həmin dövlətin olub-olmamasını gündəmə gətirə bilər.

Lakin biz bilirik ki, Ermənistan silahlanır, müəyyən qüvvələr var ki, bu ölkəni silahlandırmaq istəyir. Bilirik ki, Qafqazda müəyyən münaqişə ocağının qalmasında maraqlı olan bəzi qüvvələr var. Buna görə öz barıtımızı quru saxlayırıq. Azərbaycan Ordusu İkinci Qarabağ Müharibəsində istər şəxsi heyət, istərsə də texnika cəhətdən böyük itkilərə məruz qalmayıb.

Azərbaycanın yetərli qədər gücü var. Ordumuz müharibədən sonra itiriləni qısa zamanda bərpa edib. Ermənistan isə bu sahədə Azərbaycana heç vaxt çata bilməz. Azərbaycan əvvəllər əks hücum əməliyyatı aparırdısa, hazırda dövlət sərhədində olan silahlı qüvvələrimiz irəliləmək istəyən düşməni yerində oturdacaq".