Sosial
25 yanvar 2021
1011
İcbari tibbi sığorta ilə bağlı YENİ QAYDALAR
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin müvafiq qərarı ilə “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası” təsdiq edilib.
Qayda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə, o cümlədən özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi şərtlərini müəyyən edir.
Göndəriş vərəqəsi tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə verdiyi yazılı göstərişdir.
Göndəriş vərəqəsi Agentlik ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibb müəssisələrinə (dövlət və ya özəl tibb müəssisələri) verilə bilər.
Qaydaya əsasən tibbi göstəriş olduğu hallarda vətəndaşa göndəriş vərəqəsinin iki növü verilə bilər:
dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün verilən göndəriş vərəqəsi
stasionar tibbi xidmətin göstərilməsi üçün verilən göndəriş vərəqəsi.
Dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti (ailə həkimi, sahə-terapevti, sahə pediatrı) tərəfindən verilir.
Dar ixtisaslı həkim də öz növbəsində tibbi göstəriş olduğu hallarda, digər dar ixtisaslı həkim müayinəsinə və yardımçı-diaqnostik müayinələrin aparılması üçün sığortaolunana göndəriş vərəqəsi verə bilər. Vərəqəyə ambulator kitabçadan çıxarış, aparılmış müayinələrin nəticələri, zəruri hallarda digər tibbi sənədlər əlavə olunur.
Stasionar tibbi xidmətin göstərilməsi üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti və dar ixtisaslı həkim tərəfindən verilir. Stasionar tibbi xidmətlərin göstərilməsi dövlət tibb müəssisələrində mümkün olmadığı təqdirsə isə Qaydanın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.
Sığortaolunan göndəriş verilən tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və ona təqdim edilən göndəriş vərəqəsi ilə birlikdə müraciət etməlidir. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür.
Göndəriş vərəqəsinin verilməsi Qaydası ilə daha ətraflı
buradan
tanış ola bilərsiniz.
Daha çox xəbər:
“Tibbi xidmət tamamilə pulsuz olacaq” – Ramin Bayramlı
ÖlkəAzərbaycanda hər kəsin ailə həkimi olacaq
ÖlkəKoronavirusla mübarizə aparan həkimlərə və könüllülərə müddətli əlavə ödəni ...
CəmiyyətNazirlik deputata cavab verdi
CəmiyyətHansı səlahiyyətlərin Səhiyyə Nazirliyinə verildiyi məlum oldu — RƏSMİ
Cəmiyyət