Cəmiyyət
20 avqust 2020
417

Kürdəmir icra başçısının aldığı rüşvətlər açıqlandı — RƏSMİ

Kürdəmir icra başçısının aldığı rüşvətlər açıqlandı — RƏSMİ


Baş Prokurorluq Kürdəmir Rayon İcra Hakmiyyətində (RİH) keçirilən əməliyyatla bağlı rəsmi açıqlama yayıb.
Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini, eləcə də, dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, istintaqla həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min manat, “Azbiyan” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilənlərə əsasən, 19 avqust 2020-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinin İnzibati binasında, habelə rayonun Suvarma sistemləri və Yaşıllaşdırma idarələrində, Kommunal Müəssisələri Kombinatında və Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində əməliyyat-istintaq tədbirləri keçirilmiş, görülmüş tədbirlər nəticəsində həmin şəxslər tutularaq, Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda Kürdəmir Rayon İcra Hakimiyyətinin tabeliyindəki qurumlarda və rayon ərazisində fəaliyyət göstərən digər qurumların fəaliyyətində yol verilmiş qanun pozuntularının araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İş üzrə təqsirləndirilən şəxslərin dairəsinin dəqiq müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri və istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcək.