Cəmiyyət
16 sentyabr 2020
322
“BakuBus” avtobusları depoda belə yoxlanılır - Fotolar
Bakıda ictimai nəqliyyatda sərnişindaşınma ilə məşğul olan “BakuBus” MMC-yə məxsus avtobus deposuna gecə saatlarında mediatur təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, iş rejiminin sonunda depoya qayıdan hər bir avtobus qaraja daxil olmadan yoxlanılır. Bu zaman avtobusun salonunda sərnişinlərə məxsus hər hansı bir əşya tapılarsa, müvafiq məntəqəyə təhvil verilir.
Avtobuslar depoya daxil olduqdan növbəti gün xəttə çıxanadək bütün prosedurlar qaydalara uyğun olaraq tənzimlənir. İctimai nəqliyyat vasitəsi daxili sürücüyə təhvil verilir və o, avtobusları əvvəlcə vizual olaraq yoxlayır. Sürücü avtobusun mövcud vəziyyətini yoxlamaq üçün qaraj daxilində müvafiq akt əsasında yoxlama sürüşü edir. Nasazlıq aşkarlandığı təqdirdə nəqliyyat vasitəsi təmir mərkəzinə təhvil verilir. Mərkəzdə “Iveco” şirkətinin mütəxəssisləri tərəfindən təlim görmüş ustalar sözügedən nasazlığı aradan qaldırmaqla məşğul olurlar. Avtobus xəttə çıxa bilmədiyi təqdirdə, rezerv nəqliyyat vasitəsindən istifadə edilir.
Bu prosedur həyata keçirildikdən sonra avtobuslar avtoyumaya təhvil verilir. Mövcud vəziyyətə uyğun olaraq avtobuslarda əvvəlcə dezinfeksiya işləri aparılır və sonra yuyulur.
Depoda həmçinin avtobusların yanacaqla təmin olunması üçün infrastruktur yaradılıb. Müasir və təhlükəsiz iş rejiminə malik texnologiyalarla təchiz olunmuş stansiyada eyni vaxtda 15 avtobusa xidmət göstərmək mümkündür.
Hazırda depoda 450-dən artıq avtobusa xidmət göstərilir.
Fotolar: Pərvin Zeynal
Daha çox xəbər: