Cəmiyyət
26 iyul 2024
216

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qanunsuz Fəaliyyətlərlə Məşğul Olan Şəxslərə Qarşı Əməliyyatlar Keçirib

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qanunsuz Fəaliyyətlərlə Məşğul Olan Şəxslərə Qarşı Əməliyyatlar Keçirib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə qanunsuz odlu silah-sursat saxlayan, narkotik vasitələrin kultivasiyası və dövriyyəsi ilə məşğul olan, eləcə də dələduzluq yolu ilə vətəndaşların maddi vəsaitini ələ keçirən şəxslərə qarşı əməliyyatlar həyata keçirib. Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Əməliyyatlar nəticəsində 3 nəfər saxlanılıb, onların hər birindən "Kalaşnikov" avtomatı, daraqlar və 103 ədəd patron aşkarlanıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər zamanı isə əvvəllər məhkum olunmuş Diyanət Ağadadaşov, Tərlan Cəfərov, Aygün Hacıyeva və Məhəmməd Abuşov saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 26 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin, eləcə də 51 ədəd kultivasiya yolu ilə xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkar edilib.

Məhəmməd Abuşovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, özünü dövlət orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşların maddi vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyən edilib.

Faktlarla bağlı Baş İdarədə cinayət işləri başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.