Cəmiyyət
08 iyul 2020
285

Azərbaycana çəyirtkə sürüsü hücum etdi – VİDEO

Azərbaycana çəyirtkə sürüsü hücum etdi – VİDEO


Son günlər Şabran rayonuna çəyirtkələr kütləvi şəkildə hücum edirlər. Bu həm fermerlərin, həm də digər sakinlərin ciddi narahatlığına səbəb olub.
Şabran rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Fəxrəddin Osmanov “Sputnik Azərbaycan”a bildirib ki, çəyirtkələr 25 gündən çoxdur, bölgəyə hücum çəkirlər. Onlara ən çox rayonun Hacıqaraqaşlı kəndi ərazisində rast gəlinir.
“20-25 gündür ki, çəyirtkələrin Ekologiya Nazirliyinin nəzdində olan torpaqlara hücum çəkdiyi müşahidə edilir. Çəyirtkələr həm dənizdən, həm də Qubanın Buduq kəndindən sürü şəklində hücum çəkirlər. Payızda və yaz aylarında dənizin qırağında qamışlıq yaranıb. Bu da onların gəlişinə təkan verib”, – deyən Osmanovun sözlərinə görə, yerli növ çəyirtkələr qırmızı-qəhvəyi rəngdədir və arıya bənzəyirlər. Onlar körpədirlər və o qədər də təhlükəli sayılmırlar. Amma onlara qarşı vaxtında tədbirlər görülməlidir.
“Avqustun sonunda yumurta qoyacaqlarından, onların qarşısını almağa çalışırıq ki, çoxalmasınlar. Xoşbəxtlikdən çəyirtkələr sahələrdə arpa biçini başa çatdıqdan sonra hücum çəkdilər, taxıl sahələrinə girə bilmədilər”, – deyən Aqrar İnkişaf Mərkəzinin direktoru ziyanvericilərə rayonun Xəlilli kəndinin aşağı hissəsində də rast gəlindiyini bildirib.
O əlavə edib ki, bu vəziyyəti nəzarətdə saxlamaq və həşaratların hücumunun qarşısını almaq üçün xüsusi aparatdan istifadə olunur. Hadisə yerinə digər rayonlardan müvafiq texnika cəlb olunub. Sabah sübh tezdən isə dərmanlama işləri həyata keçiriləcək.