Dünya
29 sentyabr 2020
306

AŞPA cəbhədəki hərbi əməliyyatlarla bağlı bəyanat yayıb

AŞPA cəbhədəki hərbi əməliyyatlarla bağlı bəyanat yayıb


Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Ermənistanı və Azərbaycanı vəziyyəti daha da gərginləşdirməməyə və danışıqlar masasına qayıtmağa çağırır.

"Ölkə.Az"ın Report-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Andrey Şircel və Kimmo Kilyuner, Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak və Rocer Geyl yaydıqları birgə bəyanatlarda bildiriblər.

“Regional sabitlik üçün böyük risk olan Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların başlanması və böyüməsindən son dərəcə narahatıq. Hər iki tərəfdə mülki vətəndaşların və hərbçilərin həlak olmalarından dərin təəssüf hissi keçiririk” - həmməruzəçilər vurğulayıblar.

“Hər iki tərəfi döyüş əməliyyatlarını dərhal dayandırmağa, vəziyyəti gərginləşdirməməyə və Minsk Qrupu formatında danışıqlar masasına qayıtmağa çağırırıq. Bundan əlavə, bütün digər Avropa Şurasına üzv dövlətləri bu bölgədəki gərginliyə və qeyri-sabitliyə səbəb ola biləcək hər hansı bir hərəkət və ya danışıqdan çəkinməyə çağırırıq. Bir daha təkrar edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur” - bəyanatda bildirilir.

“2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan sərhəddindəki baş verən hərbi toqquşmalar zamanı verdiyimiz ortaq açıqlamamızda bildirdiyimiz kimi, Avropa Şurasına üzv dövlətlər aralarındakı münaqişələri yalnız sülh yolu ilə həll etməlidirlər", - müşahidəçilir qeyd ediblər.

“Parlament Assambleyası Minsk Qrupu formatında sülh danışıqları üçün əlverişli bir mühitin yaradılmasına töhfə verməyə hazırdır”, - bəyanatda bildirilir.