Dünya
15 oktyabr 2020
270

Azərbaycanın baş konsulunun Ermənistanın işğalçı siyasətinə dair məqaləsi “Los Angeles Times”da dərc olundu

Azərbaycanın baş konsulunun Ermənistanın işğalçı siyasətinə dair məqaləsi “Los Angeles Times”da dərc olundu


Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasəti haqda yazdığı məqalə 14 oktyabr 2020-ci il tarixində ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetində dərc edilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu xəbər verir ki, məqalədə baş konsul Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, Azərbaycanın tərkib hissəsi olduğunu və bunun beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edildiyini diqqətə çatdırır. N.Ağayev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışaraq, ölkəmizin 20 faiz ərazisini təşkil edən Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən qanunsuz şəkildə işğal edildiyini və 800 min dinc azərbaycanlının öz doğma yurdlarından didərgin salındığını bildirir.

Baş konsul Ermənistanın bu işğalını pisləyən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, eləcə də 30 ilə yaxındır davam edən və heç bir nəticə verməyən danışıqlara baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarının bu qanunsuz işğalını davam etdirdiyini qeyd edir.

N.Ağayev 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəf aldığını və nəticədə indiyədək üç uşaq da daxil olmaqla 41 dinc sakinin həlak olduğunu və Azərbaycanın buna cavab olaraq özünü müdafiə etdiyini vurğulayır.

Münaqişənin həlli haqqında danışan baş konsul sülhün əldə olunması üçün Ermənistan qoşunlarının bütün işğal olunmuş ərazilərimizdən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtmalı olduğunu qeyd edir. Bundan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birlikdə sülh və əmin-amanlıq içərisində yaşayacaqlarını bildirir. N.Ağayev bu münaqişənin nə etnik, nə də dini münaqişə olmadığını, uzun əsrlər boyu azərbaycanlılar və ermənilərin Dağlıq Qarabağda və Azərbaycanın digər bölgələrində sülh içərisində birgə yaşadıqlarını qeyd edir.

Sonda baş konsul vurğulayır ki, ABŞ və digər böyük dövlətlər beynəlxalq hüququn aliliyini təmin edərək, iki ölkə arasında sülhün bərqərar olması üçün Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarının çıxarılması ilə bağlı Ermənistana təzyiq göstərməlidirlər.

Məqalənin tam mətni ilə bu linkdə tanış ola bilərsiniz: //www.latimes.com/opinion/story/2020-10-14/azerbaijans-nagorno-karabakh-is-not-disputed-territory

Qeyd edək ki, Qarabağ həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məqsədyönlü fəaliyyətini davam etdirir. Bu səpkidə sentyabrın 27-dən bəri baş konsul N.Ağayev ABŞ-ın müxtəlif qəzetlərinə və bir sıra nüfuzlu televiziya kanallarına, o cümlədən ABC, CBS, NBC, FOX, KTLA, TELEMUNDO, CURRENT TIME kanallarına və NPR/KCRW radiosuna 20-dən çox müsahibə verərək, Ermənistanın işğalçılıq siyasətini ifşa edib. Baş konsulun fikirlərinin işıqlandırılmasından qəzəblənən yerli erməni lobbisi sözügedən mətbu orqanlarına təzyiqlər göstərib, hətta buna görə “Los Angeles Times” qəzetinin binası və CBS telekanalı qarşısında etiraz aksiyaları keçiriblər.