Dünya
05 noyabr 2020
218

ATƏT bəyanat YAYDI

ATƏT bəyanat YAYDI


Noyabrın 3-də ABŞ-da keçirilmiş seçkilər yüksək rəqabətlilik səviyyəsi, aqressiv təbliğat ritorikası ilə müşayiət olunan güclü siyasi qütbləşmə şəraitində seçki orqanlarının əməkdaşlarının və vətəndaşların yüksək iştirak səviyyəsi ilə xarakterizə olunub.
Modern.az məlumatına görə, bu barədə ATƏT müşahidəçilərinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ATƏT-in müşahidəçilər missiyası COVID-19 pandemiyasının yaratdığı bir sıra problemlərə baxmayaraq, seçkilərin rəqabətli və yaxşı təşkil olunduğu qənaətinə gəlib. Eyni zamanda seçki kampaniyası dərin kök salmış siyasi qütbləşmə ilə xarakterizə olunub ki, bu da siyasi debatlara kölgə salır və sistemli saxtakarlığa dair əsassız iddialar səsləndirilib:

“COVID-19 pandemiyası seçkilərin təşkili üçün çox böyük çətinlik yaradıb, eyni zamanda seçki kampaniyasına da ciddi təsir göstərib. Pandemiya zamanı seçicilərin səs verə bilməsi üçün görülən tədbirlər partiyaların maraqlarının əsas götürülməsindən qaynaqlanan uzun məhkəmə proseslərinə yol açıb və bu, seçki administrasiyasının işinə mənfi təsir göstərib, seçiciləri çaşdırıb. Seçki günü özü dinc və iğtişaşsız keçib. Ümumilikdə təhlükəsizlik tədbirlərinə əməl olunub”.

Bəyanatda qeyd olunub ki, seçicilərin şəxsiyyətini müəyyənləşdirmək tələbləri müəyyən qrupların səs verə bilməsi üçün maneə yaradır. Təxminən 5,2 milyon vətəndaş, demək olar ki, yarısının cəzalarını bitirməsinə baxmayaraq, cinayət təqibi səbəbindən səsvermə hüququndan məhrum olub.

Vurğulanıb ki, seçki kampaniyasının maliyyələşməsi ilə bağlı da narahatlıqlar olub. ABŞ-da seçkilər üzrə ümumi xərclər 14 milyard dollar məbləğində dəyərləndirilir.

ABŞ-da media mühiti mühüm şəkildə qütbləşib, amma eyni zamanda plüralist və müxtəlifdir. Seçkilər ərəfəsində fikir bildirmə azadlığına əməl olunub və seçicilərə şüurlu seçim etmək imkan yaradan geniş məlumatlar spektri təqdim olunub:



“Seçkiyə cavabdeh məsul şəxslər həm pandemiya, həm də seçki prosesini əhatə edən həddən çox siyasiləşmiş mühitə görə çətin şərtlərdə fəaliyyət göstəriblər. Seçkilərin təşkili üçün pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlməsinə kömək etmək məqsədilə fövqəladə fondların vəsaitləri ştatlar üzrə paylansa da, bu, onlayn seçici qeydiyyatı və poçt səsverməsi zamanı kəskin artım səbəbi ilə əlavə problemlərin öhdəsindən gəlmək üçün kifayət etməyib. Buna baxmayaraq, ictimaiyyət bütün səviyyələrdə seçki administrasiyasının işinə ümumilikdə etimad göstərib”.

ABŞ-dakı seçkiləri müşahidə edən missiya 39 ölkədən 102 müşahidəçi, o cümlədən Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 50 ekspert və müşahidəçisi və ATƏT PA-dan 52 parlamentari və əməkdaşdan ibarət olub.