Gündəm, Siyasət
15 iyul 2020
292

"Qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, - cavab ver buna" — Prezidentdən SƏRT ÇIXIŞ

"Qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, - cavab ver buna" — Prezidentdən SƏRT ÇIXIŞ


"Qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, - cavab ver buna".
Bunu Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqində deyib.

Dövlət başçısı bildirib:
"Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə də çəkmək istərdim. O da ondan ibarətdir ki, bildiyiniz kimi, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, - cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə. İndi onlar ölənlərin sayını gizlədirlər. Amma bizdə operativ məlumat var. Bəzi ölən erməni hərbçilər haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər. Biz məlumatı verəndən sonra onlar onu etiraf etdilər. Necə ki, Aprel döyüşlərində gizlətmişdilər. Bu bir daha onların acizliyini göstərir, digər tərəfdən nəyi göstərir? Onların riyakar siyasətini göstərir. Yaxşı, necə ola bilər ki, bu yaxınlarda heç bir üzv ölkədən soruşmadan KTMT-nın baş katibini həbs etmisən. Belə şeymi olar? Bu, tamamilə bütün beynəlxalq davranış qaydalarını pozan bir addım idi. KTMT-nın rəhbəri vəzifəsində olan insanı həbs etdilər. Onlara təzyiq olunandan sonra onu buraxdilar, amma cinayət işi hələ bağlanmayıb, davam edir. Beynəlxalq təşkilatın ali nümayəndəsini həbs edir. Ondan sonra bir il ərzində KTMT-ya rəhbər nəzərdə tutulmuş şəxsin namizədliyini bloklayıb, veto qoyub. Çünki əlifba sırası ilə olmalı idi. Ermənistandan sonra Belarusun nümayəndəsi olmalı idi, onun namizədliyi verildi. Amma bir il imkan vermədi ki, o öz fəaliyyətinə başlasın. Budurmu KTMT-ya münasibət? Yaxşı, təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dan yardım istəyirsən? KTMT-nın Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır.

İndi xarici fondlardan maliyyələşən, hakimiyyət nümayəndələrinin demək olar ki, hamısının SOROS fondunun və buna oxşar fondların tör-töküntüləri olan bir dövlətə KTMT ölkələrinin münasibəti necə olmalıdır? Mən sual verirəm və bu sual hesab edirəm ki, ritorikdir. İndi nə oldu qaçıb, KTMT-nın ətəyindən yapışırsan. Cavab ver öz çirkin əməllərinə görə. Cavab vermisən və verəcəksən".