Gündəm, Ölkə
01 dekabr 2020
262

Fateh Sərkərdə, tarixi Qələbə!

Fateh Sərkərdə, tarixi Qələbə!


Azərbaycanın şərəfli, həm də kəşməkeşli tarixinə qızıl hərflərlə yazılan Qələbənin xoşbəxtliyini yaşayırıq.

Xalqımız öz qüdrətli Ümummilli lideri Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq, Müzəffər Sərkərdəsi İlham Əliyevin müdrikliyi, öndərliyi, polad iradəsi, yenilməz qüdrəti ilə dünya təcrübəsində bir ilkə imza atdı. Biz çox qısa müddətdə öz gücümüz, imkanlarımız, iradəmizlə tarixi ədaləti bərpa etdik, təcavüzkarı, xain düşməni döyüş meydanında cəzalandırdıq, onun havadarlarına və seyrçilərə ibrət dərsi verdik.

Azərbaycan xalqı bu qalibiyyəti ilə yer üzündə müstəqil, qürurlu, heysiyyatlı, dövlət və toplum kimi yaşamaq haqqını bir daha, həm də əbədiyyən isbatladı. Bu, Böyük Qaydış, Oyanış xalqımızın milli mənlik şüurunun var olduğunu, ötən onilliklər ərzində qüdrətli Sərkərdəsinin rəhbərliyi ilə daha da inkişaf etdiyini göstərdi.

Bir vətəndaş olaraq öz dövlətimlə, xalqımla fəxr edirəm. Belə bir yenilməz insanların ayrılmaz fərdi olmaq məndə qürur, fəxarət hissləri doğurur.

Uzun illər boyu öyrənmiş və sonralar da öyrətmişik ki, Azərbaycan xalqı öz azadlığını və müstəqilliyini, Vətən torpaqalarını canı, qanı, şəhidləri bahasına qazanıb. Bu gün canlı şahidiyəm ki, xalqımız həqiqətən yenilməzdir, yağı düşmənlərlə döyüş meydanında qələbələr qazanmaq qüdrətindədir, bu Vətənə, bu müqəddəs yurd yerlərimizə layiqdir və ona sahib çıxmağı bacarır.

Düz otuz ildir ki, bir müəllim kimi mən də gənclərimizə, o cümlədən tələbələrimə Vətən məhəbbəti, qeyrət və vətəndaşlıq dərsi keçirəm. İndi mən bir də ona görə xoşbəxtəm ki, onlar bu qəhrəmanlıq məktəbini, dərsini gerçək həyatda görürlər. Biz müəllimlərin təhsil verdiyi bu gənclərin əksəriyyəti Azərbaycan məhəbbətini, xalqımıza olan sədaqətini, öz yüksək vətənpərvəliyini döyüş və Qələbə əzmi ilə doğruldur.

İşğal olunmuş torpaqlarımızın hər qarışı üçün canını verməyə hazır olan və yeri gələndə şəhidlik zirvəsinə ucalan bu qeyrətli övladlarımız inamımıza, ümüdlərimizə, əcdadlarına layiq olduqlarını düşmən üzərində zəfərləri ilə sübut etdilər.

Övladını itirmək hər bir ana, insan üçün ən böyük faciə, taleyinin sağalmaz yarası, heç zaman dinməyən ağır dərdidir. Bircə təskinliyimiz, bizi ovudan ən böyük səbəb Vətən torpaqlarının bölünməzliyi, Azərbaycan xalqının haqq işinin zəfər qazanması, qaniçən, fitnəkar erməni faşizminin darmadağın edilməsidir.

Xocalı faciəsi, soydaşlarımızın Zəngilandan, Şuşadan, Kəlbəcərdən, Əsgərandan... ayağı yalın, başıaçıq vəhşicəsinə qovulması, uşaqların, qadınların, əlsiz-ayaqsız qocaların, fiziki əngəlli insanların xüsusi qəddarlıqla işgəncələrə məruz qalması, qətlə yetirilməsi bəşər tarixinə qanla yazılıb. Düşmən bizi bu yolla qorxutmaq, sındırmaq,özü kimi misgin kölə vəziyyətinə salmaq məqsədi güdürdü. Çünki erməni millətçiləri tarix boyu məğrur, hər zaman öz sözünü deyən, dünyaya dahilər bəxş edən Azərbaycan İnsanının yanında özünü hər zaman aciz, məğlub, yazıq məxluq kimi hiss edib. Zaman-

zaman güclü sahibləri, havadarları da onu bu durumdan və böyük xalqımıza, millətimizə pataloji nifrətindən xilas edə, qoruya bilməmişlər.

Bu dəfə də qoruya bilmədilər. Biz bu dəfə həm də çox sarsıdıcı zərbə, dəmir yumruğumuz , milli birliyimiz, dövlətçiliyimizə və qüdrətli Sərkərdəmizə sədaqətimiz və inamımızla düşmənə dərs keçdik. Əminəm ki, o bu dərsi heç zaman unutmayacaq, xəstə xülyalarının girdabından çıxa bilməyəcək.

Vətən Müharibəsi dövründə bir hadisə də mənim ürəyimi sızlatdı. Özünü müəllim adlandıran erməni şovinisti, vandalizm aktı törədən zavallı məxluq Kəlbəcəri buraxıb qaçarkən direktor olduğu məktəbi yandırdı.

Bu, özünü ziyalı sayan, tərbiyəçi hesab edən bir şəxsin törədə biləcəyi ən miskin və ləyaqətsiz hərəkət, alçaqcasına cinayətdir. Əslində, o-kölə xislətli bu şəxs özü də bilməyərəkdən düz hərəkət elədi. Atalarmız demişkən, hər şərdə bir xeyir var. Körpə uşaqlarda, yeniyetmələrdə insanlara nifrət, ən yaxın, xeyirxah, humanist qonşusuna pataloji nifrət, düşmənçilik "dərsi” verən bir yer yanıb kül olmalıdır...

Biz ora qayıtdıq! Biz orada yeni məktəblər də tikəcəyik. Biz orada övladlarımıza-işğal olunmuş torpaqlarımızı azad edən Qəhrəmanların, yurd həsrəti ilə dünyadan köçən soydaşlarımızın balalarına, nəvə-nəticələrinə sülh, əmin-amanlıq, qurub-yaratmaq, insanlığa, Xalqa və Vətənə məhəbbət dərsi keçəcəyik!


Yaşasın azad, müstəqil və qüdrətli Azərbaycan!

Yaşasın Azərbaycan əsgəri!

Yaşasın Fateh Sərkərdəmiz İlham Heydər oğlu Əliyev!


Sevda Xaspoladova
Azərbaycan Dillər Universitetinin baş müəllimi