Gündəm, Ölkə
23 iyun 2020
293
“Qadınlar yasda bir-birini qucaqlayıb öpürlər, yoluxurlar” - Videoreportaj
Son günlər Azərbaycanda koronavirusa yoluxanların gündəlik sayı 500-ə çatır. Bu vəziyyətdə ağırlıq həm cəmiyyətə, həm də həkimlərin çiyninə düşür.
“Qafqazinfo”nun əməkdaşları ən ağır xəstələrin yerləşdirildiyi yeni fəaliyyətə başlayan “Yeni Klinika”da olub, dünyanın tanımadığı xəstəlikdən insanlarımızı xilas edən həkimlər və bu xəstəliyə düçar olanlarla söhbətləşib.
Anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova deyib ki, son bir ay ərzində reanimasiya şöbəsinə daxil olan xəstələr kritik ağır vəziyyətdə olur: “Əksəriyyətində kəskin tənəffüs çatışmazlığı, kəskin respirator distress sindrom olur. Yanaşı xəstəliklər fonunda vəziyyəti ağırlaşmış xəstələrin sayı çoxalıb. Bu xəstəxanada xəstələrdə ən çox rast gəlinən yanaşı xəstəliklər ürəyin xroniki işemik xəstəliyi, şəkərli diabet, hipertoniyadır. Xəstələrin əksəriyyətinin yoluxma mənbəyi yas yerləridir. Qadınlar bir yerdə otururlar, söhbət edirlər, bir-birini qucaqlayıb öpürlər. Bu yolla yoluxurlar. Hazırda bizim reanimasiyada 30-a yaxın xəstə var, təxminən 25-i kritik ağır vəziyyətdədir. Əksəriyyəti süni tənəffüs aparatına qoşulub. Belə xəstələr ancaq üzü üstə uzanır, onlara su çox verəndə həm qusma refleksi ola bilər, həm də diafraqmanın qalxması nəticəsində tənəffüs çatışmazlığı dərinləşə bilər. Ona görə də hər saatda 5-10 milliqramdan artıq su verilmir”.
Həkim K.Namazova bildirib ki, 3 aya yaxındır ki, xəstələri müalicə edərkən özü də bu virusa yoluxub: “Mən özüm də yoluxmuşdum, qohumlarımdan da yoluxanlar var. Dəhşətli bir şeydir, sanki “atom bombası”dır. Yoluxan insanda birinci iybilmə və dadbilmə olmur. Təsəvvür edin ki, turş limonu ağzına qoyursan, amma dadını bilmirsən. Çətin nəfəs alırsan, sanki kimsə əli ilə səni tutub boğur. Tənəffüs çatışmazlığı, təngnəfəslik artır. Döş qəfəsi əzələlərində və sümüklərində kəskin ağrılar olur. Çünki bu xəstələrdə mübadilə pozğunluğu gedir. Virus demək olar ki, bütün orqanları, beyni də zədələyir. Kimsə fikirləşir ki, cavanam, tez sağalacağam, bu, mümkün deyil. Vaxtında həkimə müraciət etmək mütləqdir. Hazırda reanimasiyada 20, 35 yaşlı xəstələrimiz var. 36 və 45 yaşlı vəfat edən xəstələrimiz olub. Xəstələr çox vaxt evdə yatır, özləri bildiyi dərmanları qəbul edir, sonra bizim yanımıza ağırlaşmış vəziyyətdə gəlirlər, onda da çox gec olur. Bir xəstənin üzərində həkim 25 gün zəhmət qoyur, əziyyət çəkir. Bu virus nə yaşa, nə sosial təbəqəyə, nə də vəzifəyə baxır”.
Həkim bildirib ki, koronavirusa yoluxanlar arasında uşaqlar da var: “Ən çox leykozlu, talassemiyalı uşaqlardır”.
Reanimatoloq Ulduz Əlicabbarova əlavə edib ki, bir aya yaxındır burdadır: "Günlər keçdikdə xəstələrin sayının və ağırlaşmasının artıdığını müşahidə edirik. Burada xəstələrin necə boğulduğunu görmək bizim üçün çox çətindir. İstəyirəm ki, insanlarımız bu xəstəliyin həyat üçün nə qədər təhlükəli olduğunu başa düşsün”.
Koronavirusa yoluxmuş 79 yaşlı H. Zahidov bildirib ki, ondan əvvəl iki qızı koronavirusa yoluxub: “Mən də özüm gedib test verdim, bir şey çıxmadı. 10 gündən sonra bu vəziyyətə düşdüm, gəlib məni apardılar. Boğuluram...”
Koronavirusa yoluxan qadın isə bildirib ki, qaynının yasına gedib və orada yoluxub: “İlkin olaraq temperaturum yüksəldi və tərləyirdim, halsız olurdum, təngnəfəslik də vardı. Bu xəstəlik çox ciddidir, inanmayanlar buna inansın”.
Murad Əhməd
Video: Nuran Məmmədov
Daha çox xəbər:
Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu
Cəmiyyət“Süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır” — Komitə sədr ...
CəmiyyətAzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı
CəmiyyətBakıda xəstəxanada daha iki ölüm — Koronavirus şübhəsi
KriminalAzərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dol ...
Gündəm, Cəmiyyət