Gündəm, Bölgə
19 aprel 2021
1910
Rüstəm Xəlilov: Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov - Aprelin 12-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin açılışında iştirak etdiyi Hərbi Qənimətlər Parkı Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsini, ölkəmizin, ordumuzun gücünü və imkanlarını nümayiş etdirir. Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsində Zəfər tarixini yazaraq bir daha məğrur, yenilməz xalq olduğunu təsdiqlədi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışında böyük qürurla qeyd etdiyi kimi, “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, həmçinin dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.” Ölkəmiz dünyada nümunəsi olmayan, çətin relyef şəraitində, mürəkkəb istehkamları darmadağın edərək qələbə qazandı. Odur ki, hazırda Azərbaycanın yeni müharibə nümunəsi dünyada böyük əks-səda doğurur və öyrənilir. İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü göstərdi. Ölkəmiz XXI əsrin müharibəsini apardı. Belə ki, ABŞ, Almaniya, Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmaq istəyirlər.
44 gün davam edən Vətən müharibəsində qələbəni əks etdirən mənzərəni bundan sonra Bakı şəhərinin ən cəlbedici məkanlarından biri olan Yeni Bulvardakı qənimətlər parkında görmək mümkündür. Bu parkı gəzərkən Ordumuzun qəhrəmanlığı aydın şəkildə görünür. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılan parka daxil olan zaman insan özünü döyüş zonasında hiss edir. Buradakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, işğalçı Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Eləcə də düşmənin sıradan çıxarılmış 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatlar da nümayiş olunur. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Heç kəsə sirr deyil ki, ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycan 17 il ərzində güclü ordu qurmağa müvəffəq olaraq, ərazilərini işğaldan azad edib. Ötən illər ərzində tarixi layihələr həyata keçirən Azərbaycan iqtisadi cəhətdən daha da möhkəmlənib. Eyni zamanda, ölkədə siyasi sabitliyin, vətəndaş birliyinin təmin edilməsinə nail olunub. Bütün bunlar Qələbəmizi şərtləndirən amillərdir. Cənab Prezidentin bildirdiyi kimi: “İqtisadi müstəqillik əsas məsələlərdən biri idi. Ona da nail olduq. Enerji müstəqilliyinə nail olduq. Tarixi layihələri həyata keçirdik. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Silahları bizə heç kim bağışlamayıb. Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib. Onların məhv edilmiş və qənimət götürülmüş silahlarının dəyəri 5 milyard dollardır. Biz pulla almışıq, iqtisadi müstəqillik olmasaydı, necə ala bilərdik? Müharibəni necə apara bilərdik? Torpaqlar erməninin tapdağı altında əbədi qala bilərdi. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi.” Göründüyü kimi, İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Şübhəsiz ki, Qələbə düsturunu şərtləndirən bu amillərin hər birinin təməlində məhz Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, Prezident İlham Əliyevin iqtisadi müstəqilliyimizin təmin olunmasına yönəlmiş dövlətçilik məfkurəsi və sarsılmaz siyasi iradəsi, ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb. Ümumillikdə isə 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan bir addım da geri atmadı, Ermənistan bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğaldan azad olunan Azərbaycan ərazilərindəki hazırkı vəziyyət isə erməni vəhşiliyinin əyani təzahürüdür. Ermənistanın ideoloji əsası özlərini mədəni, böyük sivilizasiyaya aid olan “xalq” kimi, müsəlman ölkəsi olan Azərbaycanı isə vəhşi ölkə kimi qələmə vermək və beynəlxalq ictimai rəydə adekvat rəyin formalaşdırılmasına nail olmaq idi. Lakin indi işğaldan azad edilmiş torpaqlara gedən insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görür, erməni vandallarının törətdikləri vəhşiliklərin canlı şahidləri olurlar.
Beləliklə göründüyü kimi, Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Həmçinin, Vətən müharibəsi müstəqil Azərbaycanın hərb tarixinin şanlı səhifəsi kimi daim tarixdə qalacaq, yaradılan Hərbi Qənimətlər Parkı isə gələcək nəsillərə və beynəlxalq aləmə ordumuzun gücünü, gənclərimizin vətənpərvərliyini, torpaq sevgisini və dövlətimizin qüdrətini nümayiş etdirmək üçün ən uyğun məkan olacaqdır.
Daha çox xəbər:
Daha bir əsgərmiz təltif olundu -“Fizulinin azad olunmasına görə” medalı il ...
ÖlkəHikmət Quliyev: Cənab Prezident İlham Əliyevin ad günüdür
SiyasətManaf Səmədzadə: Zəfər paradı ordumuzun ən güclü ordulardan biri olduğunu b ...
CəmiyyətAli Baş Komandan Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalar ...
SiyasətPrezident: "Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə b ...
Gündəm, Siyasət