Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, Sosial
22 noyabr 2021
1291
İlham Əliyev - Xoşbəxt günlərimizin memarı
Bəzən elə məqam olur ki, insanın sinəsi həyəcanla dolur, ürəyi coşqunluqla çırpınır. Həmin məqamda gözəl sevinc duyğusu, böyük qürur hissi, xoş bir qəhər gətirib səssiz axan göz yaşlarına səbəb olur. O məqamda göz yaşlarını silməyə insanın əli qalxmır.... Bu hissi Azərbaycanda demək olar ki, hamı yaşadı – noyabrın 10-da, Zəfər Paradı günündə...
Azadlıq meydanında keçirilən parad zamanı qürurdan qəlbimiz dağa döndü, sevinc göz yaşlarımızı silmək istəmədik! Bu gün Azərbaycan Ordusu öz gücünü ədalətsiz dünyanın güc sahiblərinə göstərdi! Bu, kar-kor olmuş dünyaya ordu-xalq-hakimiyyət birliyi nümunəsinin nümayişi idi! Bu – müstəqil Azərbaycan dövlətinin haqq səsi idi! Bu – Azərbaycan adlı məmləkətin var olduğunun təntənəsi idi! Bu – Vətən müqəddəsliyinin toxunulmaz olduğunu sübut edən 2783 şəhid ruhlarının sevinc harayı idi! Bu –Azərbaycan Silahlı Qüvvələrinin qürurla hayqırdığı Qələbə Marşı idi! Bu, ordusu, xalqı, iqtidarı, müxalifəti bir tam olan Azərbaycan idi! Bu tarixi qələbədə müharibənin ilk günündən öz dəstəyini açıq şəkildə bütün dünyaya bəyan edən qardaş Türkiyənin payı çox böyükdür. Cümhur başqanı Rəcəb Tayyib .Ərdoğanın bir neçə hökumət üzvləri ilə bizim sevincimizə şərik olmağa gəlmələri bizi çox qürurlandırdı. 44 günlük müharibə bütün dünyanın hərb tarixində analoqu olmayan yeni hərbi taktika yaratdı. Bu qələbə dünyanın müxtəlif güc sahiblərinə göstərdi ki, Azərbaycan öz halal vətən torpaqları uğrunda döyüşdü, erməni faşizminin işğalçılıq siyasəti ilə zəbt edilmiş, işğalçılar tərəfindən viranəyə çevrilmiş şəhər və kəndlərimiz uğrunda döyüşdü və haqqı olduğuna sahib çıxdı! Azərbaycan xalqı sübut etdi ki, məkrli siyasətçilərin 30 ildə həll edə bilmədikləri məsələni bu xalq 44 gün ərzində həll edə bildi! Bu gün bütün dünya gördü ki, Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevın dediyi kimi: “Qarabağ Azərbaycandır və nida!” Bu qələbə Azərbaycan xalqını dəyişdirdi – bu xalq öz gücünü gördü, bu xalq dəmir yumruq olmağı bacardı! Bundan sonra da xalq birliyi ilə işğaldan azad edilmiş torpaqlarımızı gülüstana döndərəcək və firavan yaşayacaq! Biz buna layiq olduğumuzu sübut etdik! Daşına, torpağına qurban olum, ana Vətən.
Dağılan məscidlərimizdən ucalan azan səsini eşitdikcə ruhumuz şad oldu, ümidlərimiz, arzularımız dirçəldi, qollarımıza qüvvət gəldi. Şuşada, Gövhər ağa məscidində sıra-sıra düzülüb dua edən igid əsgərlərimizə qoşulduq, "şükür sənə, İlahi, bizə Qarabağımızın azadlığını görməyi nəsib etdin” deyib əl açdıq göylərə.
Bütün bu arzularımızın bir andaca çin olması, öləziyən ümidlərimiz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində həyata keçdi. Dövlət başçısı indi xoşbəxtliyini yaşadığımız bu günlərin şah memarı oldu, bizə qalibiyyət, qələbə sevinci bəxş etdi. Vətəni, xalqı qarşısında götürdüyü bütün öhdəlikləri yenə də layiqincə yerinə yetirdi, söz verdiyi kimi, yüz minlərlə məcburi köçkünün vətən həsrətinə son qoydu.
Bu gün dünya siyasətçiləri İlham Əliyevin mükəmməl siyasi lider, strateq olmasından bəhs edir. Xarici siyasəti necə məharətlə həyata keçirməsindən fəxarətlə söz açır. Bəli, Vətən müharibəsi bizə bir daha sübut etdi ki, cənab Prezident xalqını sevən, ölkəsinin rifahı, inkişafı üçün çalışan liderdir. Bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti ilə 30 ilə yaxın bir müddətdə düşmən tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu. On milyondan çox Azərbaycan xalqı sevinc göz yaşlarını tuta bilmədi. Çünki həmin gün Şəhidlərimizin qisası alınmışdı. Bu Qələbəni xalqımıza yaşatdığı üçün göstərdiyi şücaətə, möhtəşəm iradə və mübarizəyə görə möhtərəm Prezident İlham Əliyevə və Müzəffər Ordumuza minnətdarıq! Müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti ilə torpaqlarımız azad olundu. Bəli, bu qələbə bizim haqqımız idi. Bu gün hər bir Azərbaycan vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması sevincini yaşayır. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, Dünya Azərbaycanlıları!
Bu gün əlamətdar tarixi bir gündür. 22 noyabr- Ədliyyə işçilərinin peşə bayramı ölkəmizdə hər il böyük təntənə ilə qeyd edilir. Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr – Əliyyə işçilərinin peşə bayramı günü bu il xalqımızın şanlı Qələbəsi ilə xüsusilə əlamətdar olmaqla ikiqat sevinc hissi ilə qeyd olunur.
Bu gün ədliyyə işçiləri peşə bayramlarını qələbə sevinci ilə qeyd edirlər. Bu zəfər günlərini bizlərə yaşatdığına görə ölkə Prezidentinə dərin minnətdarlıq hissi keçirən ədliyyə işçiləri Vətənimizin çiçəklənməsi və hərtərəfli tərəqqisi naminə dövlət başçısının ətrafında sıx birləşərək demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası ilə bağlı üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.
Cənab Prezident İlham Əliyevə minnətdarıq.
Əziz Ədliyyə işçiləri peşə bayramınızı təbrik edirəm.
Mahir Muradov
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Daha çox xəbər:
Zəfər Günü Azərbaycanın taleyinə yazılmış sevinc payıdır
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, SosialHaqq və tarixi ədalət uğrunda aparılan Vətən müharibəsi
Gündəm, Siyasət, ÖlkəQalib Xalqın Şanlı Ordusu
Gündəm, Cəmiyyət, ÖlkəZakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
SiyasətDaha bir əsgərmiz təltif olundu -“Fizulinin azad olunmasına görə” medalı il ...
Ölkə